Xəzər sahilində kütləvi quş ölümləri: 13 su quşu tapılıb – ÖZƏL

Qazaxıstanın Manğıstau vilayətində, Xəzər dənizinin sahilində 13 dəniz quşu - ördək, qarabatdaq və qağayı cəsədi tapılıb. Olaylar.az xəbər verir ki, bu barədə "ArbatMedia" məlumat yayıb.

"lada.kz" saytının məlumatına görə, ölü quşlar Tüpqarağan rayonunun Fort-Şevçenko, eləcə də Qızılözen, Ataşa və Bautino kəndlərinin sahil zolaqlarında aparılan monitorinq zamanı aşkar edilib. Bu barədə regionun Meşə Təsərrüfatı və Heyvanlar Aləmi ərazi müfəttişliyindən bildirilib.

Mütəxəssislərin sözlərinə görə, cəsədlərin pis vəziyyətdə olması səbəbindən analiz üçün nümunələr götürmək mümkün olmayıb. Rayon rəhbərliyinə müvafiq xidmətləri cəlb etməklə qalıqların kənarlaşdırılması və utilizasiyası barədə məlumat verilib.
Gələcəkdə tədqiqat üçün yararlı nümunələr götürmək imkanı yaranarsa, işə baytarlar cəlb ediləcək. Sahil monitorinqi davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl də həmin ərazidə ölü dəniz suitiləri tapılmışdı. Noyabr ayında Xəzər sahilində ümumilikdə 183 suitinin cəsədi aşkar edilmişdi ki, bunların 112-si Fort-Şevçenko və Bautino yaxınlığında, 71-i isə Qulalı adasının sahilində idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31