Məhkəmə 2 milyon ələ keçirən dələduzu belə xilas edir – cinayət məsuliyyətindən qaçış planı işə düşüb!
13:13 HadisəBakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə proses növbəti dəfə təxirə salınıb.
Olaylar.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən son iclas da əvvəlki kimi baş tutmayıb.
Artıq bir neçə aydır ki, iş üzrə məhkəmə iclasları müxtəlif bəhanələrlə təxirə salınır. Bu isə zərərçəkmişlərin ciddi narazılığına səbəb olub. Onlar hesab edirlər ki, müttəhim Qədim Ədilovun vəkili Ramin Qocayev prosesi bilərəkdən uzadır. Məqsəd isə cinayət məsuliyyətinə cəlbetmə müddətinin ötürülməsidir. Cinayətin 12 ili tamam olur - məsuliyyətdən yayınma qanuniləşir.
Məlumata görə, 2026-cı ilin yayında Qədim Ədilovun xüsusilə külli miqdarda dələduzluq etməsinin 12 ili tamamlanacaq.
Cinayət Məcəlləsinə əsasən, cinayət məsuliyyətinə cəlb olunma müddətinin başa çatması deməkdir. Yəni ittiham hökmü həmin vaxta qədər qanuni qüvvəyə minməsə, Qədim Ədilov xüsusilə külli miqdarda dələduzluq epizodu üzrə cəzasız qala bilər.
Zərərçəkmişlərin sözlərinə görə, iş üzrə hazırlıq iclası 2025-ci ilin iyununda keçirilib. O vaxtdan bu günə qədər 5 məhkəmə prosesi təyin olunsa da, onlardan cəmi 2-si baş tutub. Digər 3 iclas müttəhimin vəkilinin prosesə gəlməməsi və əsassız vəsatətlər verməsi səbəbindən təxirə salınıb.
Hazırda iş üzrə 14 zərərçəkmiş var, amma ötən 5 ayda onlardan cəmi biri ifadə verə bilib. Onun ifadəsi də iş vaxtının bitməsi səbəbindən yarımçıq qalıb.
Ayda bir iclas - məqsəd vaxt uzatmaqdır
Zərərçəkmişlər bildirirlər ki, hakim Vüqar Seyidov ayda cəmi bir proses təyin edir. O proseslərə də vəkil gəlmir və ya əsassız bəhanələrlə vaxt uzadır. Beləliklə, məhkəmə vaxtı "yandırılır", işin yekunlaşması 2026-cı ilin qışına - yəni məsuliyyət müddətinin keçməsinə salınır.
"Bu, təsadüf ola bilməz. Hakim niyə vəkilin açıq-aşkar təxirə salma taktikasına biganə qalır? Bu sual hamımızı düşündürür", - deyə zərərçəkmişlər bildiriblər.
2 milyonluq dələduzluq - 14 nəfər zərərçəkmiş
İttiham aktına görə, Qədim Ədilov 14 Azərbaycan vətəndaşına qarşı 2 milyon manata yaxın dələduzluq edib. O, müxtəlif şəxsləri inandıraraq onlardan külli miqdarda vəsait alıb, lakin öhdəliklərini yerinə yetirməyib. 2021-ci ildə 17 vətəndaş Baş Prokurorluğa şikayət edərək onun əməlləri barədə məlumat verib. İstintaq davam edərkən Qədim Ədilov Gəncə sakini Nəsrulla Nəzərova qarşı da dələduzluq törədib, onun milyonlarla dəyəri olan asfalt zavodunu satmaq bəhanəsiylə etibarnamə ilə öz adına keçirib və sataraq aradan çıxıb. O, əlavə olaraq zərərçəkəndən on minlərlə manat nağd pul da alaraq mənimsəyib.
2022-ci ildə isə o, Anar Məmmədov və partnyorlarını 612 min manat dələduzluqla aldadaraq Türkiyəyə, oradan da Rusiyaya qaçıb.
Rusiya polisi 5 günə tapdı
2024-cü ilin fevralında zərərçəkmiş Xaləddin Yusibovun müraciəti əsasında Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti İdarəsi tərəfindən Qədim Ədilov saxlanılıb. O, 26 fevral 2024-cü ildə təcridxanaya yerləşdirilib və həmin ilin oktyabrında Azərbaycana ekstradisiya olunub.
Zərərçəkən Şahin Aslanov deyib ki, Qədim Ədilovun yüksək inandırma qabiliyyəti və peşəkar hoqqabazlığı onu fərqləndirən xüsusiyyətlərdəndir:
"O, Rusiyada yaşayan soydaşımız Mirhəbib Ağalarovu da aldadıb. Müqavilələr bağlayıb, malları alıb, amma pulları ödəməyib. Sonra mənə ofşor firmalar üzərindən cüzi məbləğdə pul göndərdi. Dedim niyə belə? Cavab verdi ki, "mən Azərbaycanda vergi vermirəm". Onda anladım ki, bu adam həm vergi qaçaqçısı, həm də dələduzdur".
Cəzasızlıq sindromu
Bu cinayət işi illərdir Azərbaycan məhkəmələrində dələduzlara qarşı formalaşmış "loyal münasibət" problemindən xəbər verir. Məhkəmə proseslərinin məqsədli şəkildə ləngidilməsi, hüquqi formalizmlə vaxt udulması nəticədə zərərçəkmişlərin ədalətə inamını məhv edir, üstəlik növbəti dələduzluqlara da yol açır.
Əgər Qədim Ədilovun işi 2026-cı ilin yayına qədər yekunlaşmasa, o, külli miqdarda dələduzluğa görə cəzasız qala bilər.