Tənzilə Rüstəmxanlı deputat həmkarına hirsləndi-“Məni saxtakar adlandırdı”

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkilləri Siyavuş Novruzov və Tənzilə Rüstəmxanlı arasında anlaşılmazlıq olub. Deputat Siyavuş Novruzov xanım həmkarını tarixi saxtalaşdırmaqda ittiham edib: "Müstəqillik başqa şeydir, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verib". 
"Olaylar" xəbər verir ki, deputat Tənzilə Rüstəmxanlı isə Siyavuş Novruzovun ona etirazına cavab olaraq bildirib:"Sahibə xanım, mənim sizə çox böyük hörmətim var, amma buna cavab verməsəm olmaz. Çünki Siyavuş Novruzov məni saxtakar adlandırdı. 1991-ci ildə 7 mart iclası SSRİ-nin bərpa edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi, Heydər Əliyevin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi. Mən onu vurğulamağa çalışıram. 
Mən bu prosesin içindəydim, qadınlarımız ön sırada idi. Mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı". 
Ardınca  Siyavuş Novruzov söz istəsə də, spiker Sahibə Qafarova bu mövzuların plenar iclasda müzakirəsini düzgün hesab etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31