Bu günədək mina insidentlərindən zərər çəkənlərin statistikası açıqlanıb
12:30 HadisəDavamlı şəkildə aparılan təmizləmə və maarifləndirmə tədbirlərinə baxmayaraq Vətən müharibəsindən bu günədək 409 nəfər vətəndaşımız baş vermiş mina insidentləri nəticəsində həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Olaylar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimində səsləndirib.
O bildirib ki, Azərbaycan Avropada mina problemindən ən çox zərər çəkən ölkələrdən biridir. İşğaldan azad edilmiş ərazilərdə 1.5 milyondan çox mina basdırılıb.
ANAMA sədri vurğulayıb ki, Amputant futbol platformasının Azərbaycanda inkişaf etdirilməsi, belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinə dəstək olan hər kəsə, Dünya Amputant Futbol Federasiyasına, şəxsən Mateuş Vidlaka, Azərbaycan Gənclər və İdman nazirliyinə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və oyunların ölkəmizdə keçirilməsinə yardım göstərən SOCAR və Neftçi İdman klubuna təşəkkür edib.
"Minadan zərər çəkənlərin, habelə əlilliyi olan digər insanların amputant futbolu vasitəsilə cəmiyyətə reinteqrasiyasında əməyi keçən hər kəsə bir daha minnətdarıq. Ölkəmizdə ilk dəfə keçirilən bu oyunları yüksək dəyərləndirir və komandalara uğurlar arzulayırıq".