Quduzluqdan ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA
17:52 Hadisəİt dişləyən məktəblinin bir ay sonra vəfat etməsi məsələsinə rəsmi aydınlıq gətirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Tovuz rayon sakini olan 10 yaşlı uşaq Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında ölüb.
Bildirilib ki, üç gün öncə xəstəxanaya gətirilən uşağa quduzluq diaqnozu təyin olunub: "2015-ci il təvəllüdlü azyaşlı oktyabrın 5-i saat 19:10 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müayinələr və klinik qiymətləndirmə nəticəsində pasiyentə quduzluq diaqnozu təyin olunub, o, Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Təəssüf hissi ilə bildiririk ki, aparılan reanimasiya tədbirlərinə baxmayaraq, oktyabrın 7-si saat 12:10 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Ailə üzvləri meyitin tibbi-patoloji yarılmaya (təşrih) göndərilməsindən imtina ediblər".
Həmçinin məlumatda qeyd olunub ki, həmin şəxs ilkin olaraq oktyabrın 4-ü saat 22:50 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib: "Ona ilkin tibbi xidmət göstərilib, hiperqlikemiya və proteinuriya diaqnozları təyin olunub. Eyni zamanda, azyaşlıda halsızlıq, qorxu hissi və halüsinasiya halları müşahidə olunub.
Sağlamlıq vəziyyəti dəyərləndirildikdən sonra stasionar müalicə tövsiyə edilsə də, valideynləri bundan imtina edərək pasiyenti Bakı şəhərində yerləşən tibb müəssisəsinə aparıblar. Valideynlər azyaşlının anamnezində it dişləmə faktını qeyd etməyiblər".
Qeyd edək ki, ilkin məlumatda itin azyaşlını bir ay öncə dişləməsi və uşağın uzun müddətdən sonra - dünən öldüyü deyilirdi.