Adnan Əhmədzadənin ailəsinin duası - Firon tövbəsi

Azərbaycanda maraqlı bir gedişat müşahidə olunur. Vəzifədə olarkən dövlətdən, xalqın cibindən oğurluq edib dəbdəbə içində yaşayan, sərvəti ilə öyünənlər zindan qapısı üzlərinə bağlanan kimi birdən-birə Qurana, imana, duaya sarılırlar. Dünən xalqın sərvətini mənimsəməkdə ittiham olunanların bu gün Allahın qulu kəsilməsi cəmiyyətdə təəccüb və suallar doğurur.

Adnan Əhmədzadənin ailəsinin də həbsdən sonra dini sitatlara üz tutması, əslində, dövlətin iqtisadi zərərləri, dövlətin nüfuzuna vurulan ziyanı və pozulan etimadı aradan qaldırmır. Ortada olan və təkzib edilməyən məlumatlardan belə aydın olur ki, söhbət bir ailənin mənəvi təsəllisinə deyil, bütün ölkənin taleyinə təsir edən milyardlıq fırıldaqlardan gedir.

Bəs bu "Firon tövbəsi" qəbul olunmalıdır, yoxsa bu cinayətə qol qoyan hər kəs cəzaya çatdırılmalıdır?

Siyasi şərhçi Heydər Oğuz bu əsnada fikirlərini açıqlayıb.

HEYDER OGUZ.jpeg (277 KB)

Ssiyasi şərhçi Musavat.com-a deyib ki, Adnan Əhmədzadənin yoldaşı Gülsəfa xanımın əri həbs edilən kimi Quran ayələrinə sığınması və bu ayələrdən sitat paylaşmasının Allah tərəfindən necə qəbul olunacağı bilinmir. Amma fakt budur ki, bu dinə, imana, haqq yoluna qayıdış ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb:

"Haqlı olaraq sual verilir ki, zənginlər və vəzifədə olanlar niyə türməyə düşən kimi dinə, Allaha, Qurana pənah aparırlar? Bunun dindəki yeri nədir?

Açığı, kiminsə imanına şəkk etmək niyyətində deyiləm. Çünki kimin həqiqətən imana gəldiyini, kimin gəlmədiyini yalnız Allah bilər. Təcrübələr göstərir ki, adətən türməyə düşənlər öz keçmiş əməllərindən tövbə edib haqq yoluna qayıdırlar. Onsuz da məhkəmə-hüquq sisteminin həbs hadisələri ilə qarşıya qoyduğu əsas hədəf də budur. Ədalət məhkəmələri şəxsiyyətindən və törətdiyi cinayətlərdən asılı olmayaraq, heç kimi cəzalandırmaq, ingəncələrə məruz qoymaq üçün qandallamır. Sadəcə islah etmək üçün özünün çəkindirici gücündən faydalanır. Amma o da təcrübələrlə sübuta yetirilib ki, bəzən daha yaxşı toyuğu yaxalamaq üçün tülkülər də həccə gedir.

İndi Adnanın yoldaşının sosial şəbəkələrdə Qurandan ayələr paylaşmasının arxasında hansı səbəblər dayanır, təbii ki, bunu da biz bilə bilmərik. Azərbaycanın milyardlarını xarici məşhurlara xərcləyib özünə reytinq qazanan Əhmədzadə ailəsinin islah olub-olmadığını müəyyənləşdirməyi Allahın ixtiyarına buraxıram və bu əməlin konkret maddi-psixoloji zərərləri barədə danışmaq istəyirəm.

Əgər iddialar doğrudursa, Adnan Əhmədzadənin "Azeri Light" markalı nefti Rusiyadan alınan çirkli neftlə qarışdırması nəticəsində hazırda bizim dövlət gəlirlərimizə sarsıdıcı zərbələr vurulub. Neftimizin qiyməti bir gün ərzində 6-7 dollar aşağı düşüb. Bu isə indiyədək milyardlarla dollar itirməyimiz deməkdir.

Ən pisi isə odur ki, dünyaca məşhur olan brendimiz də nüfuzunu itirib. Onun nüfuzunu bərpa etmək, düşmən təbliğatının qarşısını almaq və özümüzü yenidən etibarlı tərəfdaş kimi tanıtmaq üçün uzun illər çalışmalı olacağıq. Bu illər ərzində itkilərimiz isə bəlkə də 10 milyardlara yüksələcək. Ondan daha pisi də var. Bilirsiniz ki, biz çoxdan xəyyallarını qurduğumuz Transxəzər layihələrini reallaşdırmağa başlamışdıq. Qazaxıstan Rusiya vasitəsilə Avropaya nəql etdiyi neftini Azərbaycan üzərindən göndərməyə qərar vermişdi. Adnan Əhmədzadə və onun himayədarları olan neft fırıldaqçılarının acgözlüyü sayəsində Azərbaycan və Türkiyənin ən mühüm geostrateji planı da laxladı. Artıq Qazaxıstan və Türkmənistanın Azərbaycan üzərindən Avropaya neft nəqlinin dayandırdıqları və yenidən Rusiyaya pənah apardıqları bildirilir.

Təbii ki, zamanla etibarlı tərəfdaş imicimizi də təmizləyə biləcəyik. Amma bu təmizləmə prosesi hansı bədəllərə başa gələcək, bunu hesablamaq imkansızdır. Üstəlik, bu təxribatın zamanlaması da maraqlıdır. Bilirsiniz ki, Azərbaycan neftində xlorid maddəsinin tapılması Rusiya ilə mübahisəmizin kulminasiya nöqtəsinə çatdığı bir zamanda baş verdi. Elə bir zamanda ki, Rusiya bizi cəzalandırmağa, neft və qaz strategiyamıza zərbə vurmağa çalışırdı. Məhz bu səbəbdən Adnan Əhmədzadənin rus xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirib-yetirmədiyi də ciddi sual doğurur. Onun işinin DTX tərəfindən araşdırılması da məlum ehtimalı gücləndirir. Elə bu səbəbdən də kimlərinsə müsəlmanlaşmasına və ya "həccə getməsinə" fikir vermədən sözügedən cinayət hadisəsi bütün detallarına qədər araşdırılmalı və məlum əməli törədənlərin hamısı ən ağır cəzanı almalıdırlar".

Siyasi şərhçi qeyd edib ki, Adnan Əhmədzadənin həyat yoldaşının ayələrini paylaşdığı Qurana görə, Allahın lənətini qazanmış firon da ömrünün son anında Qırmızı dənizə qərq olanda "imana gəlmiş", fəqət Allah onun tövbəsini qəbul etməmişdi:

"Prinsipcə, Adnan Əhmədzadənin ailəsinin də həbsdən sonra imana gəlməsi fironun Qırmızı dənizin suaları altında tövbə etməsinə bənzəyir. Bu durumda biz yalnız ümid edə bilərik ki, Adnanın axirət dünyasındakı aqibəti fironunku kimi olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31