AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
6 Sentyabr 22:46 HadisəFaciədən aylar keçməsinə baxmayaraq, Rusiya AZAL təyyarəsinin vurulmasına görə israrla günahını etiraf etməkdən imtina edir. Bu qəzanın günahkarları hələ də cəzalandırılmayıblar: onlar xidmətlərini davam etdirirlər, bəziləri isə hətta vəzifələrində yüksəliblər.
Politika-nın verdiyi məlumata görə, AZAL-ın sərnişin reysinə zərbə endirilməsinə gətirib çıxaran qərarlar zəncirində əsas fiqurlar bunlardır:
- general-mayor Aleksandr Tolopilo - 51-ci HHM diviziyasının komandiri, raket buraxılışına icazə verən şəxs;
- polkovnik-leytenant Nikolay Orlyanski - əmri qəbul edib hesabata ötürən şəxs;
- kapitan Dmitri Paladiçuk - birbaşa buraxılışı həyata keçirən;
- kapitan Dmitri Pudovkin - 51-ci HHM diviziyasının döyüş idarəetmə qrupunun baş naviqatoru;
- polkovnik-leytenant Vladimir Yanovski - Cənub Hərbi Dairəsinin qərargahının növbətçi zabiti;
- polkovnik Gennadi Yeremenko - Hərbi Hava Qüvvələri və HHM-in 4-cü qvardiya ordusunun komanda məntəqəsinin növbətçi zabiti.
Mənbələrimizin bildirdiyinə görə, onların hamısı faciədə aktiv rol oynayıb. Amma heç kim məsuliyyətə cəlb olunmayıb - əksinə, bəzi zabitlər yeni təyinatlar alıblar.
Tolopilonun əmri və AZAL reysi faciəsi
Məhz general-mayor Aleksandr Tolopilo Bakı-Qroznı marşrutu ilə hərəkət edən sərnişin təyyarəsinə qarşı "Pantsir-S" zenit-raket kompleksinin tətbiqinə icazə verib.
Hücum nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.
Minval Politika-nın daha əvvəl yazdığı kimi, "Pantsir" hesabı texniki və təşkilati cəhətdən yararsız vəziyyətdə idi, bu isə mülki təyyarənin vaxtında tanınmasına imkan verməyib. Bununla belə, Tolopilo yalnız cəzasız qalmayıb, həm də vəzifədə yüksəlib - Uzaq Şərq Hərbi Dairəsinin HHQ və HHM-in 11-ci qvardiya ordusu komandirinin müavini təyin olunub.
Qalmaqallar fonunda karyera yüksəlişi
51-ci HHM diviziyasına komandanlıq etdikdən sonra general-mayor Aleksandr Tolopilo 11-ci HHQ və HHM ordusunun qərargah rəisi - birinci komandan müavini vəzifəsinə təyin olunub. Belə sürətli yüksəliş, adətən, yalnız ciddi xidmətlər və ya xüsusi himayədarlıq sayəsində mümkündür.
Lakin Tolopilonun şəxsi işləri qüsursuz deyil. Onun xidməti siyahısında intizam cinayətləri hesab edilə biləcək hallar var, amma bunların heç biri cəzalandırılmayıb. Ən səs-küylü hadisələrdən biri 2024-cü il 8 iyunda baş verib. Həmin gün Tolopilonun rəhbərlik etdiyi 51-ci HHM diviziyasının səhlənkarlığı nəticəsində Ukrayna PUA-larına qarşı əməliyyat zamanı Rusiyanın ən bahalı və "prestijli" təyyarələrindən biri olan Su-57 qırıcı təyyarəsi zədələnib. Bundan əlavə, Astarxan vilayətinin Axtubinsk rayonunda yerləşən Çkalov adına 929-cu Dövlət Uçuş-Sınaq Mərkəzinin aerodromunda mülki heyət üzvləri də xəsarət alıb.
Radarların işləmə rejimləri təlimatlara uyğun qurulsa da, hələ 7 iyun 2024-cü ildə bəzi döyüş maşınlarının nasazlığı aşkarlanmış və rəhbərliyə məruzə olunmuşdu.
İstintaq sənədində göstərilirdi ki, bir sıra "Pantsir-S" döyüş maşınları yararsız vəziyyətdə idi. Bunun nəticəsində PUA hədəfi vaxtında aşkarlanmayıb və Su-57 zərər görüb. Hətta bəzi heyətlər rəhbərliyə bu avadanlıqların yalnız 30 dəqiqə, maksimum 3 saat normal işləyə biləcəyini bildirib, çünki onlar həddindən artıq qızırdı. Buna baxmayaraq, rəhbərlik nasaz texnikaları mövqelərə qaytararaq istifadəyə verib.
Bu cinayətkar səhlənkarlıq əvvəlcə Su-57-nin, daha sonra isə AZAL sərnişin təyyarəsinin vurulmasına gətirib çıxarıb.
İstintaqsız qalan faciə
"Pantsir-S" zenit-raket komplekslərinin texniki nasazlığı və idarəetmədəki kobud səhvlərə dair açıq faktlara baxmayaraq, cinayət işi qaldırılmayıb. Rəsmi izahat istehza kimi görünürdü: guya niyyət olmayıb və ya "ehtiyatsızlıqdan" baş verib. İstintaq dayandırılıb, məsuliyyət PUA-ların konstruktiv xüsusiyyətləri və uçuş trayektoriyası ilə izah olunub.
Beləliklə, Tolopilo və onun zabitləri məsuliyyətdən azad edilib, hadisə ört-basdır olunub. Nəticədə, intizam tədbirləri əvəzinə general yeni vəzifə alıb. Bu isə Rusiyanın hərbi rəhbərliyində cəzasızlıq hissini daha da gücləndirib.