Azərbaycan zəlzələ riskinin mərkəzində - Ekspertdən XƏBƏRDARLIQ
13:01 HadisəTürkiyədə baş verən zəlzələ ölkəmizdə də yeraltı təkanların ola biləcəyi ehtimallarını artırıb. Azərbaycan coğrafi mövqeyi etibarilə dünyanın ən aktiv seysmoloji xəttinin üzərindədir.
Ekoloq Ənvər Əliyev zəlzələlərlə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, bu təbii hadisənin nə vaxt və harada baş verəcəyini əvvəlcədən dəqiq söyləmək mümkün deyil:
"Zəlzələnin hansı ölkədə, hansı tarixdə baş verəcəyini müəyyənləşdirəcək dəqiq mexanizm yoxdur. Dünyada hələ elə bir texnologiya və ya elmi metod yoxdur ki, bizə dəqiq xəbərdarlıq etsin. Azərbaycan isə coğrafi mövqeyinə görə dünyanın ən böyük seysmoloji xətti üzərində yerləşir. Bu səbəbdən burada istənilən halda zəlzələ riski mövcuddur və heç kim bu təhlükədən sığortalanmayıb".
Ə.Əliyev qeyd edib ki, ölkənin bəzi bölgələrində, xüsusilə də seysmoloji aktivliyi yüksək olan ərazilərdə il ərzində onlarla, bəzən isə yüzlərlə kiçik yeraltı təkan qeydə alınır:
"Bu təkanların əksəriyyəti insanların hiss etmədiyi xırda zəlzələlərdir, amma onlar bölgənin seysmik aktivliyini göstərir. Bu da tamamilə yerləşdiyimiz coğrafi mühitlə əlaqədardır. Azərbaycan Qafqaz dağ silsiləsinin cənub yamacında, yüksək tektonik fəallığa malik zonada yerləşir".
Onun sözlərinə görə, bu təhlükə yalnız Azərbaycana məxsus deyil, çünki ölkəmiz Fransanın şimalından başlayaraq Aralıq dənizi hövzəsini keçib, Yaxın Şərq, İran, Pakistan və oradan İndoneziyaya qədər uzanan "səssiz təhlükə" adlandırılan nəhəng seysmoloji zolağın üzərindədir:
"Bu geniş seysmik zolaqda yerləşən bütün ölkələr istənilən vaxt güclü zəlzələ riski ilə üz-üzədir. Buna görə də əsas məsələ vaxtı təxmin etmək deyil, təhlükəsizlik tədbirlərini gücləndirmək, tikililəri davamlı etmək və insanların maariflənməsidir".