Qənirə Ataşova məhkəməyə verildi – “Böhtan atma” maddəsi ilə ittiham olunur

Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova estetik cərrahlarla bağlı araşdırmasına görə məhkəməyə verilib, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ittiham olunur.

Musavat.com bildirir ki, Azərbaycanda estetik cərrahiyə sahəsindəki qanunsuzluqları gündəmə gətirən jurnalist Qənirə Ataşova barədə məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırılıb. Jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi - "ağır cinayətdə ittiham etməklə böhtan atma" - ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur.

İddiaçı isə sosial şəbəkələrdə "həkim Gül Əliyeva" adı ilə tanınan, Gəncədə yerləşən "VMR" Estetik Klinikasında fəaliyyət göstərən Gülsüm Əliyevadır. O, jurnalistin özünü və fəaliyyətini ağır cinayətdə ittiham etdiyini iddia edir və bu səbəbdən hüquqi müstəvidə cavabdehlik tələb edir. Kosmetoloq Qənirə Ataşovanın ondan 50 min manat rüşvət istədiyini də iddia edib.

Qənirə Ataşova bu barədə sosial media hesabında qeyd edib:

"Bu həyatda çox şey görmüşəm, amma bu qədər qızıl-qırmızı böhtan, ləyaqətsizlik görməmişdim. Gülsüm Əliyeva - cərrah deyilsən, tibb diplomun yoxdur, amma əməliyyat aparırsan. Əhsən. "VMR estetik" klinikası - lisensiyası yoxdur, amma klinika kimi işləyir. Möcüzə! Və nə baş verir? Dövlət ard-arda cərimələr yazır. Sonra da başlayır suallar: Bəs, bu cərimələri kim ifşa elədi? Mən! Kim olacaqdı ki?
İndi isə nə deyirlər? Guya mən onlardan 50 min rüşvət istəmişəm. Niyə? Çünki demişəm ki, cərrah olmaq üçün cərrah diplomu da gərəkdir. Çox cəsarətli fikir olmuş, etiraf edirəm.
Məktubu da aparıblar Korrupsiyaya qarşı Mübarizə İdarəsinə - sübut filan yoxdur, amma guya "şikayətçidirlər". Əla! İndi belə çıxır ki, klinikada lisenziya yoxdursa, günah Qənirədədir? Həkim olmadan əməliyyat aparılırsa, günah yenə Qənirədədir. Dövlət cərimə yazırsa, demək, Qənirə rüşvət alıb.
Yəni bu ölkədə qanunsuzluqları ifşa edən yox, ifşa edənə qarşı kampaniya aparmaq dəbdir. Mən artıq nə ifşaçıyam, nə jurnalist - "cinayətkaram", çünki doğruları demişəm.
Gülmək istəyənə komediya, düşünmək istəyənə faciədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31