Gizli danışıqlar ifşa edildi, Moskva hərəkətə keçdi – Bakıya gözlənilməz mesaj

AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı istintaq işi çərçivəsində hadisəyə görə məsuliyyət daşıdığı ehtimal edilən bir neçə şəxsin saxlanıldığına dair məlumat yayılıb.

Bir neçə gün öncə Rusiyanın "Baza" media layihəsinin baş redaktoru Qleb Trifonovun həbs edilməsinin də AZAL təyyarəsinin pilotlarının danışıqlarına dair stenoqramların yayılması ilə bağlı olduğu bildirilir. Məlumata görə, o, məhdud girişli məlumatlara çıxış əldə edərək yaymaqda ittiham olunur.

Qeyd edilir ki, sözügedən stenoqramların ictimaiyyətə təqdim olunması həm istintaqın gedişinə, həm də ictimai rəyə təsir edə biləcək əhəmiyyətli bir faktor idi. Müşahidəçilər bu hadisəni təsadüfi deyil, daha geniş siyasi kontekstin tərkib hissəsi kimi qiymətləndirirlər.

Məsələ ondadır ki, Azərbaycan tərəfi təyyarənin vurulmasından sonra Rusiya qarşısında ardıcıl və prinsipial şərtlər irəli sürmüş, məsul şəxslərin cəzalandırılmasını açıq şəkildə tələb etmişdi.

 Beləliklə, Rusiya artıq Azərbaycanın mövqeyinə uyğun hərəkət etməyə başlayıb? Bu, Moskvanın Bakı ilə gərginliyi azaltmaq cəhdləri kimi qiymətləndirilə bilərmi?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, bu məsələ həm siyasi, həm də hüquqi baxımdan son dərəcə ciddi və həssas xarakter daşıyır:

"Xatırladım ki, təyyarə vurulduqdan sonra Rusiya ilkin mərhələdə məsuliyyəti inkar edir, bunun səhvən baş verdiyini iddia edirdi. Hazırda isə konkret adların hallandırılması, məsələnin diplomatik və informasiya müstəvisində gündəmdə saxlanılması rəsmi Bakının Moskva üzərində təzyiq vasitəsi kimi çıxış etdiyini göstərir.  Prezident İlham Əliyev beynəlxalq tədbir və görüşlərdə bu hadisəni daim gündəmdə saxlayır, günahkar şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

anar isayev e1749107108478
Anar İsayev

Son günlərdə prosesin yeni istiqamət alması göstərir ki, Rusiya Azərbaycanın haqlı tələblərinə əməl etməyə başlayıb. Bəzi hərbi şəxslərin istintaqa cəlb olunması Moskvadan Bakıya "məsuliyyətin fərqindəyik" mesajı kimi də dəyərləndirilə bilər. Bu, həm də Azərbaycanın narazılığını azaltmaq və iki ölkə arasında münasibətləri sabit saxlamaq məqsədi daşıyır.

Azərbaycan təkcə Cənubi Qafqaz regionunun deyil, eyni zamanda geosiyasi enerji və nəqliyyat tranzitlərinin əsas oyunçusudur. Rusiya Azərbaycan kimi strateji tərəfdaşla münasibətləri pozmaq istəmir. Məhz buna görə də istintaq prosesinin yenidən və daha dəqiq şəkildə aparılmasına başlanılıb. Bu, Kremlin tərəfinin Bakının tələbləri qarşısında geri addım atmasının göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31