Vətəndaşların nəzərinə: Şəxsi məlumatlarınız belə ələ keçirilir – XƏBƏRDARLIQ
16 İyul 14:42 HadisəSon günlər TikTok platformasında yayılan zərərli linklərlə bağlı xəbərdarlıqlar artıb. Mütəxəssislər bildirir ki, istifadəçilər bu linklərə klik etdikdə, telefon kameralarına və digər şəxsi məlumatlara icazəsiz giriş əldə olunur. Daha əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də bəzi veb-kameraların izlənməsi və görüntülərin xarici saytlarda yayılması faktlarını açıqlayıb. Belə kibertəhdidlər isə özəl bilgilərin təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırır.
Şəxsi kameraların izlənməsi və məlumatların toplanması hansı məqsədlərlə həyata keçirilir?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovdeyib ki, bu cür linklərə klik edən istifadəçilər bəzən özləri də bilmədən cihazlarında ciddi təhlükəsizlik boşluğu yaradırlar:
"Bununla xüsusi zərərli kodlar yerləşdirilə bilər. Nəticədə telefonun kamerası, mikrofonu, fayl sistemi və şəxsi məlumatlar, o cümlədən şəkillər, mesajlar, kontaktlar və GPS məlumatları izlənilməsi mümkündür. Bu, artıq sadə fırıldaq deyil, şəxsi məxfiliyin ciddi şəkildə pozulmasıdır. Bu cür kibertəhdidlər əsasən iki məqsəd daşıyır. Birincisi, şəxsi həyatın gizliliyini pozmaqla insanları şantaj etmək, ikincisi, toplanan məlumatları müxtəlif qara bazarlarda satmaq və ya daha genişmiqyaslı sosial mühəndislik hücumları üçün istifadə etməkdir".
Elvin Həsənov
Mütəxəssis vətəndaşlara xəbərdarlıq edib:
"Xüsusilə gənclər və yeniyetmələr bu linklərə daha tez inanır. Çünki onlar "hədiyyə qazan", "profilini yoxla" kimi diqqətçəkən başlıqlarla təqdim olunur. Ancaq unutmamalıyıq ki, hər hansı tanımadığımız keçidə klik etməzdən əvvəl mənbənin rəsmi olub-olmadığını yoxlamalı, cihazlarımızda antivirus və təhlükəsizlik yeniləmələrini mütəmadi aparmalıyıq".