Moskvada polis Almaz və Umarı döydü, pulunu soydu və cəbhəyə getməyə zorla imza atdırdı

Rusiyada miqrantlara qarşı münasibət daha da sərtləşib və bu, artıq sistematik xarakter alır. 

Olaylar.az xəbər verir ki, Moskvada saxlanılan Qırğızıstan vətəndaşı Almazın başına gələnlər bunu bir daha təsdiqləyir.

Onun sözlərinə görə, polislər sənədləri qaydasında olsa da, heç bir səbəb göstərmədən onu saxlayıblar. Bölmədə Almazı döyüb, təhqir edərək pul tələb ediblər. "Deyirdilər ki, 'çurka, bura niyə gəlibsən, öz qaydalarını qoyursan?' Qarına vururdular ki, iz qalmasın. Dərmanımı istəyəndə vermədilər, hətta 'ölməzsən, pis olsan təcili yardım çağırarıq' dedilər. Ayağı ilə vurub 'bura istirahətə gəlməmisən' deyən də oldu", - deyə o bildirib.

Nəticədə, Almaz 20 min rubl ödəyib azadlığa buraxılıb. "Əvvəlcə 10 min verdim, sonra kartımdakı qalıq pulu da çəkdirdilər", - deyir o.

Moskvada saxlanılan başqa bir miqrant, özbəkistanlı Umar da bölmədə onlara Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün sənədlər verildiyini deyib. O müqavilədən imtina etsə də, polislər qışqıraraq "niyə döyüşmək istəmirsən?" deyə hədə-qorxu gəliblər.

Hüquq müdafiəçisi Valentina Çupik bildirir ki, bu, artıq Rusiyada adi hala çevrilir: "Hər polis idarəsində, miqrasiya mərkəzlərində, xüsusi qəbul məntəqələrində miqrantlara müharibə müqaviləsi imzalatdırmağa çalışırlar. Bu, açıq-aşkar məcburetmə və qorxutmadır."

Hazırda vəziyyət daha da kritik və dözülməz xarakter alıb: miqrantlar yalnız döyülüb, təhqir olunmur, həm də Rusiya-Ukrayna müharibəsinə zorla cəlb olunmağa məcbur edilirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31