Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını ölkəsinə təhvil verib

Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını ölkəsinə təhvil verib.

Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Bildirilib ki, Gürcüstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir

Mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

İrakli Berdzenadze 2025-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək həbs edilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31