Qazaxın azad edilmiş kəndlərində aşkarlanan mina sayı açıqlanıb

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti nəticəsində 141.8 ha ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agnetliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, icra edilən əməliyyatlar zamanı 48 ədəd partlamamış hərbi sursat, 961 ədəd piyada əleyhinə mina və 95 ədəd tank əleyhinə mina olmaqla ümumilikdə 1 104 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Xatırladaq ki, ötən ilin delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31