Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var - Eldar Səmədov

Meyit qalıqlarının üzərində zorakılıq faktları aşkar görünür.

Olaylar.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalıda aşkarlanan kütləvi məzarlıqda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, meyitlərin kəllə, ayaq, əl sümüklərində küt alətlərlə vurulmuş zədə izləri var:

"Aşkar görünür ki, mülki şəxslərə qarşı zorakılıq hadisələri baş verib. Ekspert rəylərinə görə, onlardan çoxu qadınlardır".

O qeyd edib ki, bu gün olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs qeydiyyata alınıb:

"Son illərdə aparılan axtarış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 vətəndaşımızın taleyinə aydınlıq gətirilib. Bu gün burada Ermınistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən onlara koridor açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz".

O bildirib ki, beynəlxalq hüquqa görə, insanların girov götürülməsi qadağan olunsa da, burada insanlar girov götürülməklə yanaşı işgəncələrlə qətlə yetirilib:

"Onlar qətlə yetirildikdən sonra burada kütləvi şəkildə dəfn olunub. Azərbaycan tərəfi uzun müddət həm Xocalı soyqırımı zamanı, eləcə də, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin araşdırılması ilə bağlı beynəlxlaq təşkilatlar vasitəsilə Ermənistana sorğular göndərib. Bu insanların taleyi ilə bağlı faktları Ermınistan tərəfi gizlətməyə davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31