Yaşanmış faciə
21 Fevral 12:27 HadisəXocalı soyqırımından 33 il keçir. Biz Xocalı soyqırımı qurbanlarını qalib ölkənin vətəndaşları kimi anırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək Ermənistan rəhbərliyini təslim aktını imzalamağa məcbur etdi. 19 sentyabr 2023-cü ildə aparılan lokal antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü tam bərpa olundu. Bununla da Azərbaycan torpaqlarının işğalına son qoyuldu, bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının qisası alındı.
Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli bir soyqırımıdır.Hücum öncəsi, yəni fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulmuşdur. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində xocalılar səhəri tam alova bürünmüş şəkildə açmışdır.Mühasirədə qalmış şəhərdə təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhərdən çıxmışlar.Lakin bir günündə yer üzündən silinən şəhəri tərk edən sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanına çevrilmişdir.Xocalı soyqırımı nəticəsində 63-ü uşaq,106-sı qadın, 70-i qoca və qarı olmaqla,613 nəfər Xocalı sakini qətlə yetirilmiş,8 ailə tamamilə məhv edilmiş,25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirmişdir.Düşmən gülləsi ilə yaralanan 487 nəfərdən 76-sı azyaşlı idi.1275 Xocalı sakini əsir,150 nəfəri isə itkin düşmüşdür.Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Dünya tarixində görülməmiş bir faciə,insanlığa qarşı yönəlmiş ən qəddar hadisədir.Xocalı faciəsi - Ermənistanın millətçi,vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür. Azərbaycanın Ümummilli Lideri, böyük siyasi xadim Heydər Əliyev "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" deyərək erməni vandalizminin fəsadlarının uzun illər davam etdiyini dilə gətirmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımını XX əsrin ən böyük cinayəti kimi qiymətləndirmişdir.Xocalı soyqırımının dünyaya tanıdılması, həqiqətlərin gün üzünə çıxarılması və soyqırıma obyektiv qiymət verilməsinə nail olmaq Azərbaycanın xarici siyasətinin istiqamətlərindən birinə çevrilmişdir. Ümümmilli lider Heydər Əliyev tərəfindən başladılan və prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən "Xocalı qoyqırımı"nın dünyaya duyurulması kampaniyaları öz nəticələrini vermişdir. Bir neçə beynəlxalq təşkilat və bir çox dövlət tərəfindən faciə "soyqırım" aktı kimi qəbul olunmuşdur.
1992-ci il Xocalı faciəsi də bu qanlı hadisələrin xüsusi qəddarlığı ilə seçilən son aktı oldu. Lakin bu hadisə eyni zamanda Azərbaycan xalqının mübarizliyinin, iradəsinin, sarsılmaz Vətən sevgisinin nümayişi oldu. Azərbaycanın mərd hərbiçiləri, Xocalı sakinləri son damla qanlarına qədər Vətən torpağını qorudu, bütün dəhşətlərə baxmayaraq erməni qatillərinə başıdik, alnı açıq cavablar verdi. Ermənilər Azərbaycan xalqına qalib gələ bilmədilər və 30 illik siyasi oyunlar,xarici havadarların Azərbaycana bütün mümkün təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan Ordusu və Azərbaycan Liderinin dəmir yumruğu erməni millətçilərinin başını əzdi və erməni qatillərindən əsrlərin intiqamını döyüş meydanında başı uca şəkildə aldı.Qisas qiyamətə qalmadı və Xocalı qurbanlarının, günahsız körpələrin ruhu artıq şaddır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Anar Məmmədov
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı