Təyyarə qəzasında sağ qalan Azərbaycan vətəndaşları Aktau hava limanına aparılır

Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan Azərbaycanlı sərnişinləri xəstəxanadan Aktau şəhərinin hava limanına aparılır.

Bu barədə Olaylar-a yaralılar müşayiət edən şəxslərdən biri məlumat verib.

Bildirilib ki, təyyarə qəzasında yaralanan Azərbaycan vətəndaşları təyyarə ilə Bakıya gətiriləcəklər.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.

Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3 nəfər sağ qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31