“Həmin şəxsə etibarnamə verilməli idi” - 13 yaşlı Məhəmmədəli həqiqətənmi təyyarədə tək olub?
26 Dekabr 15:55 HadisəÖtəngünkü təyyarə qəzasında həyatını itirənlərdən biri də 13 yaşlı məktəbli Yeganov Məhəmmədəli Fərid oğludur. O dünən xəstəxanada dünyasını dəyişib. İddialara görə, o, təyyarəyə tək minib. Ailəsi həmin məlumatı təsdiqləyib. Belə olan halda ortaya bir sual çıxır. Bəs görəsən uşaqlar neçə yaşlarından sonra təyyarədən müstəqil istifadə edə bilərlər?
Olaylar.az bildirir ki, turizm eksperti İntiqam Yaqubov Moderator.az-a açıqlamasında mövzu haqqında danışıb.
"13 yaşlı uşaq təyyarədə tək, icazəsiz uça bilməz. Çünki onun şəxsiyyət vəsiqəsi hələ yoxdur. 18 yaşına qədər olan uşaqlar yalnız daxili yerlərə gedə bilərlər. O həddi-buluğa da çatmayıb. Həm də mütləq şəkildə valideyn icazəsi olmalıdır ki, ölkəni tərk etsin. Valideynlərinin ikisi də icazə verməlidir. Təyyarə bələdçiləri valideynlərin icazə vərəqəsini həmin uşaqdan tələb etməlidirlər", - deyə turizm eksperti bildirib.
Hüquqşünas Emil Aslanov isə saytımıza açıqlamasında bildirib ki, valideyn övladını kiməsə etibar edə bilər, bu qanunvericiliklə mümkündür:
"Uşaq respublikadan kənara çıxarılırsa, valideynlərindən biri ilə gedirsə, digər valideynin razılığı lazımdır. Belə də ola bilər ki, valideynlər onu kimə etibar edirsə, o şəxsə uşağın kənara çıxarılması ilə bağlı etibarnamə verməlidir. Ola bilər uşaq yarışa gedirsə, hansısa müalicə ilə bağlı kənara çıxırsa hər iki valideynin razılığı olmalıdır. Uşaq icazəsiz gedə bilməz".