Qazaxıstan hava limanlarında yoxlamalar keçiriləcək

Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında baş vermiş AZAL təyyarə qəzasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı göstəriş verib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölkədə bütün hava limanlarının və hava nəqliyyat vasitələrinin plandankənar yoxlamadan keçiriləcəyini açıqlayıb.

Bildirib ki, yoxlamalar çərçivəsində təyyarə ekipajlarının kvalifikasiyası və peşəkarlığı da qiymətləndiriləcək.

"Bu üzücü hadisə bizə də uçuşların təhlükəsizliyi sahəsində əlavə tədbirlər görməyin vacibliyini göstərir. İlk növbədə, plandankənar yoxlamalar həyata keçirilməli və hava limanlarının, eləcə də, hava nəqliyyat vasitələrinin texniki vəziyyəti xüsusi nəzarətə götürülməlidir", - Baş nazir deyib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31