"Biz artıq enəndə iki zərbə oldu, mən kreslodan yapışdım"
26 Dekabr 12:50 Hadisə"Biz artıq enəndə zərbə iki oldu. Mən kreslodan yapışırdım. Sağ tərəf tamamilə uçdu, ön hissə partladı. Özümə gəldikdə gördüm ki, ayağım sıxılıb".
Olaylar.az xəbər verir ki, bunu Aktau yaxınlığında Embraer təyyarəsinin qəzaya uğramasından sonra sağ qalan Kristina deyib.
Onun sözlərinə görə, təyyarə toqquşmadan əvvəl təxminən bir saat göydə dövr edib.
"Kabin xidmətçisi sərt eniş olacağını xəbərdarlıq etmişdi və başımızı aşağı salmağı məsləhət görmüşdü. Enmə zamanı gövdəyə vurulma hissi yaranıb, bu, mühərrikə quşun çırpılması kimi hiss olunub".
Pilotlar rusca danışmırdılar, buna görə Kristina təyyarənin arxa hissəsindəki oturacaq yoldaşından tərcümə etməsini xahiş edib. Yerdəki toqquşmadan sonra qız huşunu itirib. Özünə gələndə ayağının sıxıldığını görüb, ona tibbi müdaxilə edilib.
Qeyd edək ki, dünən AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ qalıb.
"Göyərtədə 37 Azərbaycan vətəndaşı olub - 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşı olub - 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb, təəssüf ki, Qazaxıstandan olan 6 sərnişinin hamısı ölüb", - Karabayev Aktauda keçirdiyi brifinqdə deyib.
Ümumilikdə ölənlərin sayı 38 nəfər təşkil edir.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.
Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.