Baş Prokurorluq və DİN saxta həkimlərin təftişinə başladı - Dindirilənlər var - VİDEO
11 Dekabr 2024 13:51 HadisəAzərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı ciddi araşdırmalara başlandığı barədə xəbər vermişdik.
Olaylar.az bildirir ki, bu araşdırma ilə bağlı Bakupost.az -a bəzi detallar məlum olub.
Öncə qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev də İTV-nin efirində məsələ ilə bağlı açıqlama verib və estetik cərrahlarla bağlı araşdırmaların aparıldığı barədə xəbəri təsdiqləyib.
Bilavasitə estetik cərrahlar və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı araşdırmalar aparılır. Bu araşdırmalar zamanı həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində qanun pozuntuları, o cümlədən rüşvət hallarının diqqət mərkəzində olacağı qeyd olunur.
Bu araşdırmalardan sonra səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vurmaqda adı daha çox hallanan şəxslərin ağır şəkildə cəzalandırılacağı, hətta bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin məhkəmə yolu ilə ləğv olunacağı gözlənilir. Həmçinin müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların müəyyən edilməsinin də araşdırma predmeti olduğu bildirilir.
Hüquq-mühafizə orqanları həm də bu məsələni ilk dəfə gündəmə gətirən jurnalist Qənirə Ataşovaya təzyiq və hədə-qorxu gələn estetik cərrahlarla bağlı araşdırma aparır.
Elşad Hacıyevin sözlərinə görə, Qənirə Ataşovaya təzyiqlərin araşdırılması DİN-in aidiyyəti baş idarəsinə tapşırılıb.
DİN rəsmisinin sözlərindən o da aydın olub ki, estetik cərrahlar tərəfindən susdurulan zərərçəkmişlər də araşdırmalara cəlb olunur.
Araşdırmaların sonucunda estetik cərrahlara bağlı ciddi cəza, hətta həbs tədbirlərinin görüləcəyi də gözlənilir.