Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb
8 Oktyabr 15:36 HadisəBakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb.
Olaylar xəbər verir ki, bu barədə Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin sentyabr ayı ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin paytaxtın ərazi polis orqanlarının əməkdaşları ilə birgə Bakı şəhərində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycanda olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 40 nəfər əcnəbi vətəndaş saxlanılıb.
Qeyd edilib ki, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.
Əlavə edilib ki, cari ilin əvvəlindən bu günə kimi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 413 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.