“Görünür onu gözümüzdə çox böyütdük”- Pezeşkiandan narazılıq artır-ÖZƏL
09:57 Güney"Güney Azərbaycanda İranın türk prezidenti Məsud Pezeşkian haqqında mənfi rəylər formalaşmaqdarır. Türk siyasi və milli fəallar onun seçkiöncəsi vədləri yerinə yetirmədiyini bildirirlər". Bunu Olaylar.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli bildirib. Onun sözlərinə görə, güneyli milli fəalların sözlərində həqiqət payı da az deyil: "Məsud Pezeşkian ötən ilin yayında öz seçki təşviqatını türk dilində apardı. Güney Azərbaycan xalqına xitab etdi, çoxlu vədlər verdi. Vədlərdən biri qurumaqda olan Urmu gölü ilə bağlı idi. Ana dilində təhsil hüququnun təmin edilməsi də vədlər sırasında idi. Bu vədlər qarşılıqsız qalmadı, Güney Azərbaycan xalqı Məsud Pezeşikana səs verdi, o da prezident kürsüsünə əyləşdi. Lakin verilən vədlərdən 1 ildən çox vaxt keçsə də, mövcud problemlərin həlli istiqamətində ciddi addımlar atılmayıb. 1 ildən artıq müddət keçib, lakin bugünə kimi Azərbaycan dilində məktəb açılmayıb. Məsud Pezeşikana qədər heç olmasa Təbriz universitetində Azərbaycan dilində 6 aylıq kurs var idi. İndi heç o da yoxdur. Məsud Pezeşkian hökumətin rəhbəridir. O, istəsəydi bu problemin həlli istiqamətində təşəbbüslə çıxış edə bilərdi. Edə bilmirsə, deməli biz onu gözümüzdə həddindən artıq böyütmüşük. Biz ondan artıq şey istəmədik ki. Qeyri-fars dillərində məktəblərin açılması Konstitusiyanın tələbidir. Məsud Pezeşkian bununla bağlı israr edə, heç olmasa Güney Azərbaycanın başkəndi Təbrizdə ana dilində məktəblər açıla bilərdi. Amma o, bunu da etmədi".
Elman Cəfərli azərbaycanlı prezidenti nüfuzdan salan əsas məsələlərdən birinin də Urmu gölü olduğunu bildirib: "Son peyk məlumatlarından aydın olur ki, Urmu gölü tamamən quruyub. Güney Azərbaycanla Türkiyə arasında sərhədə yaxın bölgədə yerləşən və dünyanın ən duzlu göllərindən biri olan Urmu gölünün quruması regionda ciddi ekoloji fəlakət yaradacaq. Göl hövzəsindən qalxan duz fırtınası çevrədəki hər şeyi məhv edəcək. Göl hövzəsində yaşayan flora və fauna məhv olacaq, torpaqlar şoranlaşacaq. Duz tozları insanlarda və heyvanlarda dəri və tənəffüs yolları xəstəlikləri yaradacaq. Gölün yerləşdiyi Qərbi Azərbaycan torpaqlarından miqrasiya sürətlənəcək. Soydaşlarımız doğma yurdlarını atıb İranın Şiraz, Mərkəz, İsfahan, Kirman kimi fars vilayətlərinə köçəcək. Qərbi Azərbaycan boşalacaq, sözügedən bölgələrə köçən türklər zamanla assimilyasiya olaraq dillərini, adət-ənənələrini unudacaq, farslar içərisində əriyib yox olacaqlar. İran şovinistləri Urmu gölünə axıdılmalı olan su payını kəsməsəydi, gölə tökülən çaylar üzərində su anbarları tikməsəydi, bu ekoloji fəlakətin qarşısına almaq olacaq idi. Məsud Pezeşkian prezident seçiləndə ona böyük ümidlər var idi. Amma tərslikdən göl azərbaycanlı prezidentin zamanında qurudu. Çox təəssüf ki, panfarsistlər "Urmu gölü azərbaycanlı prezidentin dövründə qurudu" görüntüsü yarada bildilər. Görünür elə, prezdentlik yolunda Məsud doktora buna görə "yaşıl işıq" yandırmışdılar".
E.Cəfərli hesab edir ki, Məsud Pezeşkian Güney Azərbaycan türklərinin olan-qalan ümidlərini qırmamaq üçün qalan 3 ildə heç olmasa ana dilində təhsil hüququnun tətbiqinə nail olmalıdır: "Doktor bilməlidir ki, Şəhriyarın "Heydər babaya salam" poemasından parçalar söyləməklə xalqın könlünü almaq müvəqqəti taktikadır. O, vəd verdiyi problemlərin həlli istiqamətdə dayanıqlı işlər görməlidir. Yoxsa o tarixdə heç nə ilə yadda qalmayacaq".
İBRAHİM MƏMMƏDLİ