İran tarixinin ən həlledici anına yaxınlaşır - ÖZƏL
30 Yanvar 2023 10:33 Güney"İran tarixinin ən həlledici anına yaxınlaşır. İrana edilən hücumların xarakterinə görə dəqiq məlumat əsasında edildiyi görünür. Vurulan obyektlərin yerləşdiyi məntəqələrin əvvəldən müəyyən edilmiş olduğu şübhə doğurmur".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, hazırda hücumun kimin tərəfindən edildiyi barədə konkret məlumat yoxdur: "Necə deyərlər, İran, hələlik kim vurduya qurban gedib. İlk olaraq hücumu təşkil edənin İsrail olduğu deyildi, amma bu da hələlik təsdiq edilməyib. İsraildə törədilən və "Həmas"ın üzərinə götürdüyü qanlı terror hadisəsindən sonra İsrailin bu hücumu etmə reallığı şübhə doğurmur".
Azər Qasımov onu da deyib ki, İsrail və ABŞ-ın son yarım ayda həm diplomatik, həm də hərbi sahədəki aktivliyi regionda yeni hadisələrin olacağına işarə edirdi:
"Həm CİA şefi Uilyam Bernsin İsrail və Misirə baş tutan səfərləri, eyni zamanda, ABŞ müdafiə nazirinin İsrailə gözlənilən səfəri, həm də İsrail və ABŞ-ın 6500 əskərlə keçirdiyi ən böyük hərbi təlimlər onu göstərir ki, uzun illərdir planlanan, amma həyata keçirilməyən İranın nüvə proqramına görə hücum planına start verilməsinə az qalıb".
Politoloq onu da deyib ki, İrana edilən hücum zamanı bir sıra əhəmiyyətli məntəqələrin vurulması ilə yanaşı, İranın balistik raketlərin saxlandığı, məşhur yeraltı tunellər də vurulub: "Hətta bu hücumla eyni vaxtda baş verən zəlzələnin bu raketlərin partlamasının nəticəsi olduğu da deyilir. Hadisələrin gedişində ən maraqlısı odur ki, İran tərəfi bu hücumun mahiyyətini azaltmaq, əhəmiyyətsizləşdirmək üçün ciddi bəyanat belə verməyib, dronların guya vurulduğunu və ya mühafizə tellərinə ilişib partladığnı elan edib. Bu hücumda kimsəni günahlandırmayıb".