SOCAR qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər – Aİ

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) maliyyə resurslarından qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatırmaq üçün istifadə edə bilər.

Bu barədə Avropa İttifaqının "Azərbaycanda ticarət sektorunun inkişafı: siyasət, məhdudiyyətlər və imkanlar" adlı hesabatında qeyd olunub.

Hesabata əsasən, "SOCAR-ın Karbamid Zavodu", "SOCAR Methanol" və "SOCAR Polymer" müəssisələri qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verib. Bu müəssisələr təbii qazın birbaşa ixracı əvəzinə, daha yüksək əlavə dəyərə malik məhsulların istehsalını təşkil etməyə imkan yaradıb.

"Sumqayıt Kimya Sənaye Parkında yerləşən, 2018-2019-cu illərdə istismara verilmiş polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarını birləşdirən "SOCAR Polymer" kompleksi Azərbaycanın polimer istehsalı sahəsində istehsal güclərinin genişləndirilməsində mühüm rol oynayıb. Təbii qazdan əldə edilən xammalın ölkə daxilində emal edilməsi və daha yüksək əlavə dəyərə malik polimer məhsullarının ixracı hesabına "SOCAR Polymer" 2020-2024-cü illərdə müvafiq polimer kateqoriyaları üzrə ixracın dəyərinin artmasına əhəmiyyətli töhfə verib və Azərbaycanın ixracın şaxələndirilməsi strategiyasını əlavə olaraq dəstəkləyib", - deyə hesabatda bildirilib.

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələrə əsaslanaraq, SOCAR maliyyə resurslarını neft-kimya sahəsindən kənarda yerləşən ixracyönümlü qeyri-neft sektorlarına investisiya yatırmağa yönəldə bilər.

"İlkin mərhələdə bu, məsələn, polimerlər əsasında hazır məhsulların - qablaşdırma materiallarının, plastik boruların, tikinti materiallarının, texniki plastiklərin və digər məhsulların istehsalını əhatə edə bilər. Sonrakı mərhələdə məhsul çeşidi polimer xammalının daha dərin emalına əsaslanan tekstil sənayesi üçün sintetik liflər və texniki tekstil məhsulları, gübrələr və aqrokimyəvi məhsullar, avtomobil, tikinti və digər sənaye sahələri üçün sintetik kauçuk və elastomerlər, eləcə də karbon lifləri və kompozit materiallar kimi yüksək texnologiyalı sənaye materialları hesabına genişləndirilə bilər", - deyə hesabatda qeyd olunub.

Aİ-nin fikrincə, belə investisiyalar SOCAR-ın fəaliyyətini transformasiya etməyə, şirkətin ənənəvi xammal və enerji sektorlarına yönəlmiş fəaliyyət dairəsini genişləndirməyə, daha geniş sənaye və ixrac ekosisteminin formalaşmasına kömək edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31