Avropa Komissiyası Azərbaycanla enerji tərəfdaşlığının dərinləşdirilməsinə hədəflənib

Avropa Komissiyasının Bakı Enerji Həftəsində iştirakı Aİ və Azərbaycan arasında enerji tərəfdaşlığının inkişaf etdirilməsinə hədəflənib.

Bunu Trend-ə Avropa Komissiyasının nümayəndəsi Bakı Enerji Forumu çərçivəsində deyib.

"Avropa Komissiyasını Bakı Enerji Həftəsində enerji təhlükəsizliyi və beynəlxalq əlaqələr üzrə direktor Kristina Lobilio Borrero təmsil edir. Bu tədbir müxtəlif təşəbbüslərin yekunlarını çıxarmaq və gələcək addımları müzakirə etmək üçün vaxtında bir fürsət yaradır. Komissiyanın iştirakı Aİ ilə Azərbaycan arasında enerji sahəsində tərəfdaşlığın inkişafına, o cümlədən Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünə, bərpa olunan enerji potensialının artırılmasına, enerji səmərəliliyinin yüksəldilməsinə və metan tullantılarına qarşı mübarizəyə yönəlib. Enerji keçidinin sürətləndirilməsi enerji təhlükəsizliyinin gücləndirilməsi ilə sıx bağlıdır", - deyə mənbə vurğulayıb.

Xəzərin "yaşıl" enerji dəhlizi və Qara dənizdən keçən sualtı kabel layihələrini şərh edən Aİ nümayəndəsi qeyd edib ki, bu layihələr çərçivəsində Azərbaycanın iştirakı ilə "yaşıl" enerjinin ötürülməsi nəzərdə tutulur və Avropa İttifaqı Qara Dəniz strategiyası çərçivəsində yaşıl enerji bağlantılarını - regionda elektrik enerjisi ticarətini stimullaşdırmaq, bazarların inteqrasiyasını dərinləşdirmək və genişlənmiş enerji ittifaqını formalaşdırmaq üçün bir imkan kimi nəzərdən keçirir.

"Bu, bərpa olunan mənbələrin enerji sistemlərinə daha geniş inteqrasiyasını təmin etməyə, eyni zamanda enerji təhlükəsizliyi və əlçatanlığını gücləndirməyə imkan verəcək",- o əlavə edib.

Aİ-nin alternativ enerji mənbələrinə keçid prosesində üzv dövlətlərə göstərdiyi dəstək barədə

Mənbənin bildirdiyinə görə, Aİ üzv dövlətləri enerji keçidi prosesində dəstəkləyir və bu zaman hər bir ölkənin təchizat ehtiyacları və mövcud alternativləri nəzərə alınır.

"Rusiya tərəfindən enerji resurslarının silah kimi istifadəsi Avropadakı ev təsərrüfatları və biznesə birbaşa təsir etdi, enerji bazarlarında misli görünməmiş risklərə və qeyri-sabitliyə yol açdı. Yol Xəritəsində nəzərdə tutulan tədbirlər mərhələli şəkildə və üzv dövlətlərlə sıx əlaqələndirmə şəraitində həyata keçiriləcək, təchizat ehtiyacları və alternativ imkanlar nəzərə alınacaq. Bu yanaşma qiymətlərə təsiri minimuma endirəcək, təhlükəsiz və proqnozlaşdırıla bilən alternativ təchizat vasitəsilə bazarları sabitləşdirəcək və hüquqi müəyyənlik yaradacaq. Təklif olunan bütün tədbirlərə birgə satınalmalar və mövcud qaz infrastrukturlarının səmərəli istifadəsi daxil olmaqla alternativ tədarükün təmin olunması üçün davamlı səylər müşayiət edəcək. Bu tədbirlər Aİ-nin "yaşıl" enerji keçidi hədəflərinə də uyğun olacaq. 2024-cü ilin dekabrında Rusiya qazının Ukrayna üzərindən tranzitinə dair müqavilənin başa çatmasına hazırlıq çərçivəsində Avropa Komissiyası ilə üzv dövlətlər arasında aparılan sıx əlaqələndirmə işləri göstərdi ki, razılaşdırılmış hazırlıq tədbirləri, şaxələndirmə səyləri və Rusiya idxalından mərhələli imtina tədarük təhlükəsizliyi, qiymət sabitliyi və bazarın proqnozlaşdırıla bilməsi baxımından həlledici əhəmiyyət daşıyır", - Aİ nümayəndəsi bildirib.

Avropa Hidrogen İnfrastrukturunun Operatorları Şəbəkəsi (ENNOH)

Mənbə həmçinin qeyd edib ki, Avropa Hidrogen İnfrastrukturunun Operatorları Şəbəkəsinin - ENNOH (European Network of Network Operators for Hydrogen) yaradılması Avropada hidrogenə dair ixtisaslaşmış infrastrukturun inkişafında mühüm mərhələ olub.

"Bu, hidrogen bazarının fəaliyyət göstərməsi üçün zəminin yaradılmasına dair öhdəliyimizi əks etdirir. Bu sistem ənənəvi qaz sistemlərindən fərqli olacaq. ENNOH Aİ-nin hidrogen və karbonsuzlaşdırılmı qaz bazarına dair yeni qanunvericilik paketi çərçivəsində müstəqil hidrogen şəbəkə operatorlarının assosiasiyası kimi yaradılır. Onun funksiyalarına gələcək şəbəkə kodeksləri üçün texniki ekspertiza təqdim edilməsi, icrası məcburi olmayan ümumavropa onillik hidrogen şəbəkəsinin inkişaf planının (Ten-Year Network Development Plan) hazırlanması və transsərhəd planlaşdırmanın əlaqələndirilməsi daxildir. Bu, investisiya ehtiyaclarının müəyyənləşdirilməsinə və Aİ ərazisində hidrogen infrastrukturlarının uzlaşdırılmış inkişafının təmin edilməsinə kömək edəcək", - Aİ nümayəndəsi əlavə edib.

Qeyd olunub ki, hüquqi çərçivə ENNOH-un mövcud qaz sektorundan müstəqilliyini təmin edən xüsusi tədbirləri nəzərdə tutur. Avropa Qaz Nəqli Sistemi Operatorları Şəbəkəsi (ENTSOG) keçid dövründə müvəqqəti olaraq hidrogen infrastrukturunun planlaşdırılması sahəsində məhdud səlahiyyətləri saxlayacaq. Lakin bu müvəqqəti tədbir struktur kəsişməsi və ya birgə idarəetmə anlamına gəlmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31