ENERGETİKLƏR GÜNÜ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLİB - FOTO
20 Oktyabr 2023 18:18 Energetika20 oktyabr energetiklərin peşə bayramı günü Energetika Nazirliyi, "AzərEnerji" və "Azərişıq" ASC-lərin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarər edib, Ümummilli Liderin abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Şəhidlər xiyabanı da ziyarət olunub.
Daha sonra "AzərEnerji"nin Baş İdarəetmə Mərkəzində Energetiklər Günü ilə bağlı tədbir keçirilib. "AzərEnerji" ASC-nin rəhbəri Baba Rzayev çıxış edərək builki energetiklər gününün çox əlamətdar vaxta təsadüf etdiyini bildirib. - "Əvvəla ona görə ki, 5 gün əvvəl 15 okyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev şanlı bayrağımızı Xankəndi, Ağdərə, Xocalı, Xocavənd rayonlarında ucaltdı. Digər tərəfdən, məhz həmin gün, 15 oktyabr tarixi həm də cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə təsadüf edirdi. Həmin 20 il ərzində Azərbaycan dövləti tarixi boyu heç zaman bu qədər inkişaf etməyib və bu qədər güclü olmayıb. Bütün sahələrdə olduğu kimi elektroenergetikamızın bugünkü səviyyəyə çatması, Azərbaycanın sayılıb-seçilən enerji dövləti titulunu alması, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması, alternativ və bərpa olunan enerjinin prioritet sahəyə çevrilməsi, qırxa yaxın yeni elektrik stansiyasının tikilməsi, yüzdən artıq yarımstansiyanın tikilərək yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli ötürmə xətlərinin çəkilməsi, hazırda ölkədə istehsal olunan enerjinin 20 faizə yaxın hissəsinin ixrac edilməsi və digər bu kimi məsələlər cənab Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür".
Baba Rzayev bildirib ki, cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və enerji strategiyasına uyğun olaraq bu günə kimi Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikilərək istismara verilib və 700 km-dən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 faiz enerji çatdırılıb. Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Eyni zamanda cənab Prezidentin işğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq bu günə kimi 14 yerdə su elektrik stansiyası tikilərək yenidən qurulub və hazırda 3 SES-də işlər tamamlanır və 9 yerdə tikinti davam edir. Eyni zamanda Suverenliyimiz bərpa edilən ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilir.
Tədbirdə çıxış edənlər bildirib ki, bu gün Azərbaycanın energetika sektoru dünyanın bir çox ölkələrinə, o cümlədən inkişaf etmiş ölkələrinə nümunə göstəriləcək səviyyədədir. Bu isə heç şübhəsiz, cənab Prezident İlham Əliyevin elektroenergetika ilə bağlı həyata keçirdiyi uğurlu enerji strategiyasının, davamlı diqqət və qayğısının nəticəsidir.
Bütün bunlara görə çoxminlik "AzərEnerji" kollektivi adından Cənab Prezidentə xüsusi minnətdarlıq və sonsuz təşəkkürlər ifadə olunub.