Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var - Emma Nikolson

Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olduğunu sübut etdi- Rumen Radev

Azərbaycan paytaxtı Bakıda 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgiləri start götürüb. Məlumat üçün qeyd edək ki, bu il 320 fərqli şirkət 35 ölkəni təmsil edir və bu da toplam olaraq keçən ilin sərgisi ilə müqayisədə 25-30 faiz artım deməkdir. Budəfəki Bakı Enerji Həftəsi, eyni zamanda, önəmli bir hadisə ilə - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşür. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı qeyd edib ki, 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır: "Biz 1994-cü ildə neft strategiyamızın - Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il də məhz "Əsrin müqaviləsi" imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu". Prezident İlham Əliyev qeyd edib ki, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir: "Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, - biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, - real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik". Azərbaycan Prezidenti deyib ki, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir: "Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca bütün işlərimiz uğurla gedəcəkdir". Dövlət başçısı xatırladıb ki, Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var: "Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizindədir. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın "yaşıl enerji" əldə etməyə imkan verəcək. Ümumilikdə saziş və memorandumları nəzərə alsaq, biz artıq 25 qiqavatlıq sazişlər imzalamışıq. Əlbəttə, anlaşma memorandumu imzalamaq o demək deyil ki, o, dərhal reallaşacaq və müqavilə olacaq. Ancaq biz elə şirkətlərlə anlaşma memorandumları imzalamışıq ki, onlar bərpaolunan enerji sahəsində qlobal liderlərdir. Ona görə də bunların real müqaviləyə çevrilməsi ehtimalı olduqca yüksəkdir". Prezident qeyd edib ki, imzalanan memorandumların yarısı belə reallaşsa, bu, Azərbaycanın özünün daxili istehlakından iki dəfə artıq olacaq".

Azərbaycanın enerji potensialının kifayət qədər olduğunu sərgidə iştirak edən xarici ölkə təmsilçiləri də etiraf ediblər. Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson qeyd edib ki, Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. Onun sözlərinə görə, Böyük Britaniyanın Azərbaycandakı bp şirkəti bu "yaşıl" layihələrin həyata keçirilməsində ölkəyə dəstək olmaqda böyük rol oynayır: "Azərbaycanın dəniz külək enerjisi əhəmiyyətli potensiala malikdir. Ölkədə təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. Onu da vurğulamaq istəyirəm ki, Böyük Britaniya dəniz enerjisi sahəsində mühüm təcrübəyə malikdir və Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaşıl enerjiyə keçid sürətləndirilə bilər". Emma Nikolson əlavə edib ki, Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir: "Böyük Britaniya Dünya Bankı ilə birgə həyata keçirilən Azərbaycanda dəniz külək enerjisinin inkişafı yol xəritəsinin əsas sponsorudur. 30 ildən artıqdır ki, Böyük Britaniya və Azərbaycan güclü tərəfdaşlıq əlaqələri qurublar və indi biz yaşıl enerjiyə daha çox diqqət yetiririk".

Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Böyük Britaniyanın yaşıl enerjiyə keçidlə bağlı işçi qrupunun olduğunu da bildirib. O, həmçinin, bu sahədə çoxsaylı tədbirlərdən, o cümlədən Azərbaycanın energetika nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Böyük Britaniyaya səfərindən, Böyük Britaniyanın Azərbaycandakı səfirliyindəki tədbirlərdən, eləcə də enerji sektorunda kadr potensialının artırılmasından danışıb: "Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir. Təbii ki, Böyük Britaniya bu sahədə Azərbaycana dəstəyini davam etdirəcək".

Macarıstanın təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Starey Azərbaycanın hidrogen istehsalı üçün əhəmiyyətli potensialı olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, təbii qazın, təmiz enerjinin və hidrogenin nəqli mənbələrini şaxələndirmək lazımdır. Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün investisiyaları artırmaq lazımdır: "Azərbaycanın təbii qaz hasilatı, eləcə də gələcəkdə hidrogen istehsalı sahəsində mühüm potensialı var. Hesab edirəm ki, qaz kəmərlərinin yaradılması və genişləndirilməsi marşrutları şaxələndirməyə imkan verəcək. Macarıstanın böyük qaz anbarı var və ölkə artıq onu doldurmağa başlayıb. Bundan əlavə, yaradılması planlaşdırılan "yaşıl" dəhliz fantastik layihədir və biz onun həyata keçirilməsini tam dəstəkləyirik və digər oyunçuların da bu layihəyə cəlb olunmasını alqışlayırıq". Yeri gəlmişkən qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Qara Dəniz Enerji sualtı elektrik kabelinin tikintisi gözlənilir. Kabel Azərbaycanda hasil edilən "yaşıl" elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək.

Belçikanın Baş naziri Aleksandr de Kro da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu haqqında danışıb: " Biz Azərbaycanı Moldovada Avropa Siyasi Sammitində görməyə və enerji məsələlərini müzakirə etməyə şadıq. Azərbaycanla əlaqələr vacibdir və təbii ki, biz çox şadıq ki, bu gün Avropada bir çox ölkələrin nümayəndələri toplaşıblar. Energetika sammitdə müzakirə olunacaq mövzulardan biridir və biz Azərbaycanı burada görməyə və müzakirə imkanı əldə etdiyimizə şadıq".

Bolqarıstan Prezidenti Rumen Radev qeyd edib ki, Avropanın etibarlı enerji tərəfdaşıdır: "Azərbaycan ilə Bolqarıstan arasında son dərəcə məhsuldar əməkdaşlığa görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olduğunu sübut etdi".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31