Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib - ÖZƏL
26 Aprel 2023 14:23 Energetika"Azərbaycanın Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında rolu hər ötən gün daha da artır. Bu tendensiya Avropadan Azərbaycana olan münasibətdə də özünü açıq şəkildə büruzə verir. Son bir neçə ay ərzində Azərbaycan dövlət başçısının Avropanın ayrı-ayrı ölkələrinə rəsmi və dövlət səfərlərinə dəvət edilməsi, eləcə də Avropanın öndə gedən ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri məhz bu maraqdan irəli gəlir". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisadçı Arzuman Muradlı Azərbaycan Prezidentinin Bolqarıstana səfərini şərh edərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Avropadan Azərbaycana olan marağın artması həm ölkəmizin regionda önəmli mövqeyə malik olması, enerji ehtiyatları ilə zənginliyi, həm də Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması ilə bağlıdır: "Təsadüfi deyil ki, Bolqarıstan prezidenti Rumen Radev də Azərbaycanın hər zaman etibarlı tərəfdaş kimi çıxış etdiyini və üzərinə götürdüyü öhtəlikləri daim yerinə yetirdiyini vurğulayıb".
İqtisadçı Azərbaycan Prezidentinin Bolqarıstan səfəri zamanı Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasına da diqqət çəkib: "İmzalanma mərasimində səsləndirilmiş fikirlər bir daha göstərdi ki, Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib. Bu gün də Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır".