Mingəçevir şəhərinin Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır
14 Fevral 2023 15:36 Energetika"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynovun sözlərinə görə,
bu stansiyanın 2025-ci ilə qədər tikilib istifadəyə verilməsi ölkəmizə bir çox üstünlüklər qazandıracaq:
"İlk növbədə, heç şübhəsiz ki, ölkəmizin enerji potensialı böyük ölçüdə artacaq. Bu stansiyanın işə salınması bir yandan Azərbaycanın enerji təhlükəsizliyini daha etibarlı təminat altına almış olacaq, digər tərəfdən isə iqtisadiyyatımızın inkişafına önəmli təsirini göstərəcək. Çoxlu sayda yeni iş yerləri yaranacaq. Elektrik enerjisinə olan daxili tələbatımız da tam şəkildə ödənəcək. Hazırda dünyanın aparıcı neft və qaz ixracatçılarından biri olan ölkəmiz, həmçinin elektroenergetika sahəsində də iri ixracatçılardan birinə çevriləcək".
Partiya sədri qeyd edib ki, yeni tikiləcək stansiya öz qənaətcilliyi ilə də sələflərindən fərqlənəcək:
"Belə ki, yeni texnologiyalar əsasında tikiləcək bu stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olacaq. Bu isə öz növbəsində imkan verəcək ki, ildə təqribən 1 milyard kubmetr qaza qənaət edilsin. Təsəvvür edirsinizmi bu nə qədər böyük miqyaslı qənaətdir? Və bu qənaət zəncirvari reaksiya prinsipi ilə, dolayısı yolla həm də ətraf mühitin qorunmasına töhfə vermiş olacaq. Belə ki, yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində atmosferə buraxılan karbon qazının miqdarı çox böyük dərəcədə - təxminən 2 milyon ton civarında azalacaq. Ekoloji çirklənmənin qarşısını almaq baxımından bu çox önəmli nəticədir".
MHP sədri onu da deyib ki, stansiyanın xarici tərəfdaşlarla birlikdə inşa edilməsinin, tikinti prosesinə İtaliya və Çin şirkətlərinin cəlb olunmasının da xüsusi əhəmiyyətini qeyd etməliyik: "Hazırda hər iki ölkə ilə Azərbaycanın sıx əməkdaşlıq əlaqələri var. Eyni zamanda İtaliya ölkəmizin strateji tərəfdaşı sayılır. Bu ölkələrin sözügedən nəhəng layihənin reallaşdırılmasında iştirak etməyə razılıq verməsi həm də onu göstərir ki, Azərbaycan artıq özünü etibarlı tərəfdaş kimi təsdiqləyə bilib. Bu layihənin vaxtında və uğurla icra edilməsi gələcəkdə potensial xarici tərəfdaşlarımızla birgə yeni meqa-layihələrin icrasına yol açacaq. Bu baxımdan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ən müasir və ən böyük İstilik Elektrik Stansiyasımızın bünövrəsinin qoyulmasıyla doğrudan da çox böyük və önəmli bir işin təməli qoyuldu. Xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olsun!".