Azərbaycan böyük yaşıl enerji potensialına malikdir - ÖZƏL
10 Fevral 2023 12:20 Energetika"Azərbaycan zəngin neft-qaz ölkəsi olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə görür. Ölkəmiz külək və günəş enerjisinin istehsalı üçün geniş mənbələrə malikdir. Bu da alternativ enerjidən daha geniş istifadə etmək imkanı yaradır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Anar Məmmədovun sözlərinə görə, artıq təsdiq olunmuş faktdır ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir: "Dənizdə külək enerjisinin potensialının 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialının 27 qiqavat, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxın olması yaşıl enerji ilə bağlı deyilənlərin əyani sübutudur. Beləliklə, Azərbaycan enerji sahəsi ilə yanaşı, yaşıl enerji ilə bağlı müvafiq saziş imzalayıb, günümüzdə dünyanın diqqətində olan və hər ötən gün əhəmiyyəti daha da yüksələn, qlobal hədəflərdən biri kimi bərpaolunan enerji imkanlarının səmərəliliyinin artırılmasına yönələn qarşılıqlı əlaqə yaradılmasında maraqlıdır. Çünki bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyularsa, bir o qədər də qaza qənaət ediləcək və Azərbaycandan qaz ixracının artırılmasına səbəb olacaq. Bu, dövlətin əsas hədəflərindən biridir".