Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu hər gün artır
3 Fevral 2023 10:26 EnergetikaHər ötən gün Azərbaycanın Avropanın enerji təminatında rolu artmaqdadır. Ard-arda Avropa liderlərinin Azərbaycana səfərləri, eləcə də Azərbaycan dövlət başçısının müxtəlif ölkələrə rəsmi səfərə dəvət olunması rəsmi Bakının Avropanın enerji təminatında rolunun nə dərəcədə artdığını göstərir.
Azərbaycanın Avropanın enerji təminatında rolunun artmasını hər il ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası da təsdiq edir. Məlum olduğu kimi fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclası keçiriləcək.
Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı nəzərdə tutulur.
İclaslarda enerji şirkətlərindən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp, BOTAŞ, Trans-Anadolu Qaz Boru kəməri (TANAP), Trans-Adriatik Qaz Boru Kəməri (TAP), TPAO, TAQA, "Bulgargaz EAD", "Bulgartransgaz", Yunansıtan-Bolqarıstan İnterkonnektoru (İCGB), "Fluxys", "ROMGAZ SA", SACE, "Desfa", "TotalEnergies", FGSZ Ltd, SNAM, "Uniper", "Petronas", "ACWA Power", "Masdar", "Fortescue Future Industries", "WindEurope", "SolarPower Europe", maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunacaq.
Toplantı açılış sessiyasından sonra "Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası", "Cənub Qaz Dəhlizi": Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi" və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması" üzrə plenar sessiyalarla davam edəcək.
Həmçinin Məşvərət Şurası çərçivəsində "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır. Elə Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə də hesab edir ki, hər ötən gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində yeri və rolu artır. AVP rəsmisi hesab edir ki, Rusiya-Ukrayna müharibəsi bu tələbatı daha da artırıb: "Rusiyanın Ukraynaya təcavüzünə etiraz olaraq Avropa dövlətləri rəsmi Moskvaya qarşı sərt sanksiyalar paketləri qəbul etdilər. Qoca qitənin məlum yanaşmasına qarşı Kreml administrasiyası da adekvat addımlar ataraq Avropanı ən zəif nöqtəsindən, enerji ixracına məhdudiyyətlər tətbiq edərək cəzalandırmağa başladı. Təbii ki, mümkün mənfi təsirləri minimuma endirməyə çalışan Avropa dövlətləri Rusiya enerjisinə alternativlər axtarmağa başladı və istər coğrafi mövqe, istərsədə nəqliyyat-infrastruktur imkanları baxımdan ən unikal mənbə Azərbaycandır".
Pərviz Mirizadənin sözlərinə görə, artıq bir müddətdir ki, Avropa rəsmiləri ölkəmizdən enerji nəqlində maraqlı olduqlarını bildiriblər, həmçinin cənab prezident İlham Əliyevin Avropa təmaslarının əsas gündəliyini məhz bu istiqamət təşkil edir: "Bu məqsədlə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü və yaşıl enerji məşvərət şurası çərçivəsində ilk iclasın keçirilməsi həm ölkəmiz, həmdə Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə yaşıl enerji sahəsi hal-hazırda prioritet istiqamətlərdən biridir. Artıq bu istiqamətdə ötən il Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan dövlətləri arasında Qara dənizdən keçməklə yaşıl enerji nəqli ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalandı. Nəzərə alsaq ki, Azərbaycanın bərpa olunan enerji mənbələri kifayət qədər genişdir və bu amil enerjiyə ehtiyacı olan Avropanı cəlb edir və tam əminliklə deyə bilərəm ki, Azərbaycan gələcək illərdə Avropanın enerji təhlükəsizliyi istiqamətində mühüm rol oynayacaq".
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən başlayaraq hər il keçirilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. "Cənub Qaz Dəhlizi" layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan "Şahdəniz-2" çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılıb. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olub və bununla da onun tikintisi tamamlanıb. Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri ilə 2020-ci il dekabrın 31-dən etibarən kommersiya təbii qazının nəqlinə başlanılıb. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına nail olunub.
Süleyman