Azərbaycan elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilib
17 Mart 2022 13:53 EnergetikaSon illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı inkişafı istiqamətində vacib islahatlar həyata keçirilmiş, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların cəlb olunması və səmərəli istifadəsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı hesabına yüksək nəticələr əldə edilib. Bu günlərdə Birləşmiş Ərəb Əmirliyinin "Masadar" şirkəti ilə bərpa olunan enerji ilə bağlı "Gülüstan" sarayında təməlqoyma mərasimi keçirilib. Millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, 2021-ci ildə də elektroenergetika sahəsi üzrə müasir infrastrukturun yaradılması, yeni texnologiyaların tətbiqi, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilib və nəticədə Azərbaycan regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilib: "Ötən il ölkə üzrə 27856,0 mln kVts elektrik enerjisi istehsal olunmuş, ixrac isə 1677,1 mln. kVts təşkil etmişdir. Böyük SES-lər də daxil olmaqla, ölkənin elektrik enerji istehsalında BOEM-xüsusi çəkisi 5,8% təşkil edib. 2021-ci ildə ölkədə aparılan enerji siyasətinə uyğun olaraq enerji sektorunun işinin tənzimlənməsi və təkmilləşdirilməsi sahəsində, o cümlədən investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkili istiqamətində tədbirlər həyata keçirilib. Elektroenergetika sahəsində aparılan uğurlu tədbirlərin nəticəsində, Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci yerdə qərarlaşıb. Azərbaycan elektroenergetika sahəsində cəlbedici və etibarlı tərəfdaş kimi sərmayə qoyan transmilli korporasiyaların diqqət mərkəzində olub". S.Qurbanov əlavə edib ki, Prezident İlham Əliyevin yaşıl enerji sahəsində apardığı uğurlu siyasət elektroenergetika sahəsində yeni inkişaf perspektivləri yaradır. Millət vəkili xatırladır ki, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluşu gücündə payın 17 faizdən 30%-ə çatdırılması hədəfi qoyulub.
Millət vəkili vurğualyıb ki, dünyanın ən vacib ekoloji problemi olan iqlim dəyişmələri fonunda su qıtlığı ilə mübarizə önəm kəsb edir: "Azərbaycan, ölkə ərazisində formalaşan daxili su ehtiyatlarına görə 171 ölkə arasında 140-cı yeri, su ehtiyatlarının həcminə görə 105-ci yeri, adambaşına düşən su ehtiyatlarına görə isə 94-cü yeri tutur. Bu statistik göstəricilər və ötən illərin iqlim şəraiti bu sahəyə xüsusi diqqət ayrılmasını tələb edir. Hamıya məlumdur, Kür çayının səviyyəsi keçən ilə nisbətən 75 sm aşağı düşüb. Yağıntının az olması və temperaturun yüksək olması səbəbindən dağlarda qar örtüyünün hündürlüyü aşağı düşüb. Biz dünyada gözlənilən quraqlığın ölkəmizə təsirini azaltmaq üçün yeni mütərəqqi metodlardan səmərəli istifadə etməliyik. Belə ki, kənd təsərrüfatında selləmə suvarma metodundan istifadəni minimuma endirməli, bu sahədə daha mütərəqqi suvarma sistemlərinin yaradılmasına və tətbiqinə çalışmalıyıq. Təklif edirəm ki, kənd təsərrüfatının planlaşdırılması su ehtiyatlarına uyğunlaşdırılsın. Qeyd edim ki, bu metod artıq dünyada geniş tətbiq edilməkdədir. Təklif edirəm ki, sözügdən sahəyə məsuliyyətli fermer anlayışı gətirilməli, bu şəxslərin su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı layihələrə subsidiyalar və güzəştli kreditlər verilməlidir. Eyni zamanda bu problemləri içməli sudan səmərəli istifadə anlayışlarına da tətbiq edə bilərik. Cənab Prezidentin sərəncamı ilə preventiv tədbirlər çərçivəsində regionlarda artezian quyularının vurulması ilə bağlı şərait yaradılsa da, yerli qurumların arasında fəaliyyətin düzgün koordinasiya edilməməsi ciddi narahatlıq yaradır". Komitə sədri bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı regionlarda vəziyyətin ürəkaçan olmadığını qeyd edib: "Təkilf edirəm ki, böyük sənaye müəssisələri istehsal prosesində yaranan tullantıların təkrar emalı ilə bağlı maraqlı tərəf kimi nəzarət və məsuliyyəti öz öhdələrinə götürsünlər. Eyni zamanda bərk məişət tullantılarının təkrar emalı ilə bağlı əldə edilən nəticələrin hökumətin hesabatında əksini tapması faydalı olardı". S.Qurbanov aktual problemlərdən biri kimi ərzaq təhlükəsizliyinə diqqət çəkib. Millət vəkili bildirib ki, ərzaq təhlükəsiziliyinin yaxşılaşdırılması, özünütəminetmə səviyyəsinin və idxaldan asılılıq vəziyyətinin azaldılması istiqamətində görülən tədbirlərin hesabatda əks olunması məqsədəuyğun olardı.
Alim