Azərbaycan elektrik enerjisi ixrac edən dövlətə çevrilib

"2021-ci ildə də elektroenergetika sahəsi üzrə müasir infrastrukturun yaradılması, yeni texnologiyaların tətbiqi, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilib, Azərbaycan regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilib"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında hökumətin 2021-ci ildə görülən işlər haqqında hesabatına münasibət bildirən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. O bildirib ki, hesabat ilində ölkə üzrə 27856,0 mln kVts elektirik enerji istehsal olunub, ixrac isə 1677,1 mln. kVts təşkil edib: "Böyük SES-lər də daxil olmaqla, ölkənin elektrik enerji istehsalında BOEM-xüsusi  çəkisi 5,8 %  təşkil edib.  2021-ci ildə ölkədə aparılan  enerji siyasətinə uyğun olaraq enerji sektorunun işinin tənzimlənməsi  və təkmiləşdirilməsi sahəsində o, cümlədən investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin  hazırlanması, mühəndis- kommunikasiya  təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblər  əməl edilməsinə nəzarətin təşkili istiqamətində tədbirlər həyata keçirilib. Elektroenergetika sahəsində aparılan uğurlu tədbirlərin nəticəsində Davos Dünya İqtisadi Formunun hesabatına əsasən Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci yerdə qərarlaşıb.  Azərbaycan elektroenergetika sahəsində cəledici və etibarlı tərəfdaş kimi sərmayə qoyan transmilli korporasiyaların diqqət mərkəzində olmuşdur. Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin  "Masdar" şirkəti və BP şirkətləri arasında iri miqyasda karbonsuzlaşdırılıb və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri o cümlədən  Azərbaycanın regionlarında və şəhərlərində  bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa dair  müqavilələr bağlanıb. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun formalaşması və ekoloji tarazlığın bərpa edilməsi yönündə aparılan işləri diqqətə layiq hesab edirik!".

Deputat qeyd edib ki, dünyada baş verən son siyasi hadisələr fonunda enerji daşıyıcılarının qiymətlərinin artması bir çox Avropa ölkələrinin bərpa olunan enerji resursları ilə bağlı yeni hədəflər müəyyən etmək məcburiyyətində qalmışlar: "Dünyada və regionda enerji daşıyıcılarından istifadə ilə bağlı bağlı yaranmış yeni situasiyada Azərbaycan enerji daşıyıcılarının ixracında faydalılıq əmsalını artırmağı yeni priortitet kimi müəyyənləşdirilməlidir. Qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin Yaşıl enerji sahəsində apardığı uğurlu siyasət elektroenergetika sahəsində yeni inkişaf perspektivləri yaradır. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikası Prezidenti tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluşu gücündə payın 30% -ə çatdırılmasının (hazırda 17 % təşkil edir) hədəf kimi müəyyənləşdirilməsi nəzərə alınmaqla bu istiqamətdə görülən işlər müsbət qiymətləndirlməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31