Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir

Bu günlər ölkəmizin həyatında daha bir əlamətdar hadisə ilə yadda qaldı. Belə ki, yanvarın 13-də ölkəmizin həyatında önəmli bir hadisə baş verdi. Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 meqavat gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Bakıda Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak etdilər. Təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Prezident qeyd edib ki, "Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük əhəmiyyət verir".

Bu mühüm hadisə ilə bağlı fikirlərini bölüşən  Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Məleykə Ağayeva deyib ki, bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq: "Stansiyanın gücü 240 meqavatdır və stansiya həm ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına əlavə töhfə verəcək, həm də eyni zamanda, yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Qeyd etmək istərdim ki, bu stansiyanın tikilməsi ilə bağlı Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə "ACWA Power" şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən böyük sərmayədir. "Stansiyanın külək enerjisindən əldə etdiyi 240 meqavatlıq güc 300 min evin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq ki, bu da ildə 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaq. Bu stansiyanın işə salınması Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində istehsal olunan elektrik enerjisinin xüsusi çəkisinin 30 faizə çatdırılmasında mühüm töhfə olacaq. Bu layihə, eyni zamanda, "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsində mühüm addımdır".

Hakim partiya rəsmisi qeyd edib ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir: "Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpa-olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir."Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının təməlinin qoyulmasını da bu siyasətin növbəti təntənəsi adlandırmaq olar. Bu stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan "ACWA Power" şirkəti, həmçinin enerji sahəsində dünyanın ən böyük müəssisəsidir. Şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Yəni təsəvvür etmək o qədər də çətin deyil və şadam ki, bu şirkət Azərbaycana da maraq göstərir".

Məleykə Ağayevanın sözlərinə görə, müstəqilliyinin bərpasından ötən 30 ildə Azərbaycan iqtisadyyatına 300 milyon dollar investisiya yatırılıb: "Bu investisiyanın yarısı xarici investisiyadır. Hər ötən il xarici investorların maraq göstərdiyi Azərbaycanda iş adamları üçün yaradılan şərait, edilən güzəşt onların sayının artmasını şərtləndirir.İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları, həm də elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.Prezident işğaldan azad olunmuş ərazilərimizin də imkanlarından söz açaraq investorlara mesaj ünvanlayıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş-elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Onu da vurğulayaq ki, təhlillər nəticəsində işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalının mümkünlüyü bəlli olub. Prezident dost ölkələrin investorlarının, şirkətlərinin bu imkanları da araşdırmağa və Azərbaycanla bərabər böyük layihələrə start verməyə çağırıb".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31