Tatar şairinin “İsti ürək, buzlu yol”u Bakıda gün üzü gördü

Tatarıstanın tanınmış şairi, publisisti və filoloq-alimi Lenar Şeyxin "İsti ürək, buzlu yol..." adlı yeni poetik toplusu Bakıda gün üzü görüb. Kitab Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) birgə layihəsi əsasında nəşr olunub.

Bu nəşr Lenar Şeyxin Azərbaycanda çıxan ilk kitabıdır və çağdaş tatar poeziyasının ruhunu, lirizmini, milli yaddaşını oxuculara təqdim edir. Topluda sevgi, gənclik duyğuları, özləm, vətəndaş səsi, həmçinin Türk dünyasının ortaq ağrıları və ümidləri poetik dillə ifadə olunur.

"NC Poliqraf"da çıxan kitabın layihə rəhbəri, redaktoru və önsöz yazarı Əkbər Qoşalı, layihənin məsləhətçiləri İsmət Orucəliyev və Arzu Bağırova, rəyçisi İntiqam Yaşar, koordinatoru Nilufər Lətif Abbasdır.
Şeirləri dilimizə tatarca və ruscadan Afaq Şıxlı və Əhməd Şəfəqli uyğunlaşdırıb; illüstrasiyaları isə tatar rəssamı Rüstəm Həbibullin çəkib.

"Şairin misralarında həm gənclik duyğuları, həm millət sevgisi, həm də yaşamın dərin fəlsəfəsi boylanır. O, oxu­cunu saf məhəbbət dünyasına da aparır, tarix və yaddaş yükünü bölüşməyə də çağırır. Hər şeir bir iz buraxır - kiminin qəlbində ümid, kiminin gözündə nur, kiminin yad­daşında özləm...
DGTYB ilə RHİMİB-nin or­taq işi olan bu kitabın gün üzü görməsi bizim üçün sadəcə bir dəstək aktı deyil, həm də mənəvi borc kimi xarakterizə oluna bilər. Çünki sevgi ilə yazılan misralar gələcək nə­sillərin ruhuna işıq saçır, dilimizin və mədəniyyətimizin gücünü yaşadır". - RHİMİB sədri Arzu Bağırova kitaba yazdığı "sevgi dolu hissələrin gümüş ilməsi" adlı ürək sözündə belə vurğulayır.

"Lenar Şeyxin poetik dünyasında bir leytmotiv də var: insanın insana ehtiyacı! "Bir isti söz..." şeirində şairin könül istəyi təkcə sevginin yox, həm də insan mü­nasibətlərinin mahiyyətinə çevrilir. "Soyuqdan da soyuq buzu əridəcək isti bir söz..." - istəyi həm şəxsi, həm də ictimai mühitin diləyi olsa gərək...
"İsti ürək, buzlu yol..." kitabı, oxucunu həm anların içinə aparır, həm də onları anıya çevirir. Bu şeirlər oxunanda bir tərəfdən şəxsi duyğularla isinir, digər tərəfdən millətin bütöv taleyinə qovuşursan.
Lenar Şeyx - tatar poeziyasının yeni nəsil səsi - bu ki­tabda həm öz gəncliyini, yaşantılarını, sabahını, həm də ulusunun səsini, nəfəsini ifadə etməyə çalışır. Onun mis­ralarında sevgiyə susamış könül də dilə gəlir, tarixə həssas vicdan da danışır.
Əminik ki, bu kitabı vərəqləyən hər kəs öz "an"ını və öz "anı"sını tapacaqdır". - Bunlar isə Əkbər Qoşalının önsözündəki vurğulardır.

Topludakı şeirlər içində "Dan qızına", "Bir isti söz...", "Oyan, tatar!..", "Ey Krım!", "Təkər", "Göy yasəmən", "Qara yorğa at verin...", "Payız" kimi örnəklər özəlliklə diqqət çəkir. Kitab həm gənclik romantizmini, həm milli özünüdərk çağırışlarını, həm də insan ruhunun incəliklərini poetik şəkildə birləşdirir.

Nəşr həm Azərbaycan-Tatarıstan ədəbi bağlarına, həm də ümumtürk mədəni inteqrasiyasına daha bir uğurlu töhfədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31