Özbəkistanda “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimatı keçirilib

Daşkənd şəhərində yerləşən Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda görkəmli bəstəkar və musiqişünas alim, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Yunis Rəcəbi adına institutun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri institutun rektoru professor Eldor Şermanov açaraq Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı müstəsna rolundan, onun zəngin yaradıcılıq irsi və ictimai fəaliyyətindən bəhs edib.

Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı Səfirliyinin müşavir-elçisi  Fariz Məmmədov dahi sənətkarın dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açaraq Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi geniş şəkildə qeyd olunduğunu vurğulayıb. Fariz Məmmədov deyib ki, hələ 1995-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük Üzeyir Hacıbəylinin anadan olduğu günü, sentyabrın 18-ni ölkəmizdə Milli Musiqi Günü elan edib. Bu da böyük bəstəkara olan hörmət və ehtiramın təcəssümüdür.

Çıxış edən  Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qardaş ölkədə mütəmadi olaraq silsilə tədbirlər keçirildiyini və bugünkü tədbirin də bu qəbildən olduğunu bildirib. Akif Marifli "Azərbaycan xalq musiqisinin əsasları" kitabının özbək dilinə tərcüməsinin nəşrini özbək mədəniyyəti tarixi üçün böyük hadisə olduğunu qeyd edərək sözügedən nəşrin iki qardaş xalq arasındakı mədəni əlaqələrin daha da möhkəmlənməsi istiqamətində bir körpü rolu oynayacağını vurğulayıb.

Daha sonra çıxış edən Özbək Milli Musiqi Sənəti İnstitutunun professoru Soyibcan Begmatov Üzeyir Hacıbəylinin sözügedən əsərinin özbək dilinə tərcümə olunmuş variantının musiqişünaslar üçün, ələlxüsus da musiqi təhsili verən təşkilatlar üçün çox qiymətli bir dərs vəsaiti, mənbə olduğunu qeyd edib. 

Çıxış edən Özbəkistanın əməkdar incəsənət xadimi, professor Firuza Əbdüraximova Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" əsəri təkcə bir kitab deyil, milli musiqi düşüncəsinin bünövrəsini təşkil edən, Azərbaycan xalq musiqisinin fəlsəfəsini, muğamın incəliklərini, melodiyanın ruhunu elmi əsaslarla izah edən fundamental tədqiqat olduğunu bildirib.

Çıxış edənlər, dosentlər Şahidə Berdixanova, Bəxtiyar Ahurov və digər tədbir iştirakçıları dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış bu monumental irsin, Azərbaycan musiqisinin zənginliyini sistemləşdirərək ona ümumbəşəri dəyər qazandırdığını, Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin inkişafına mühüm töhfə olduğunu vurğulayıblar.

Qeyd edək ki, sözügedən nəşrin özbək dilinə tərcüməsi Özbəkistan Dövlət Konservatoriyasının "Orkestr dirijorluğu" kafedrasının baş müəllimi Əbdüməcit Karabayev tərəfindən həyata keçirilib.

Tədbirin bədii hissəsində Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutun incəsənət xadimləri tərəfindən milli Özbək və Azərbaycan mahnıları səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31