ÜZEYİR BƏY HACIBƏYLİNİN 140 illiyinə yeni töhfə
19:40 ƏdəbiyyatTanınmış şair, AYB və AJB-nin üzvü, "Yazarlar" jurnalının baş redaktoru Zaur Ustacın Üzeyir bəy Hacıbəylinin 140 illiyi münasibətilə "Üzeyir Hacıbəyov -140" adlı yeni kitab işıq üzü görüb.
Kitab nəfis tərtibatla "Üzeyir bəy Hacıbəyli - 140" yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunub.
"Yazarlar" jurnalının həyata keçirdiyi "Üzeyir Hacıbəyov -140" layihəsinin uğurlu nəticəsi kimi ərsəyə gələn kitabın məsləhətçisi tanınmış şair Dayandur Sevgin, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.
Birincisi "Giriş", sonuncusu "Yekun" olmaqla 10 fəsildən ibarət olan kitabda Zaur Ustacın böyük ədib Üzeyir bəy Hacıbəylinin məqalələri, miniatürləri, səhnəcikləri, satirik hekayələri, komediyaları, felyetonları, resenziyaları, açıq məktubları haqqında yazdığı şərh və təbliğat xarakterli monoqrafik məqalələri toplanmışdır. Xatirə-monoqrafiya şəklində tərtib olunmuş kitabda toplanmış məqalələr dahi Üzeyir bəyin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.
Kitab ölkəmizin əsas kitabxanaların kitab fondlarına hədiyyə olunmaqla yanaşı, müxtəlif sabit internet platformalar üzərindən elektron kitab formatında da pulsuz olaraq yayımlanır.