Qarabağda və Şərqi Zəngəzurda Ermənistanın ekosid, urbisid və kulturist siyasəti

(Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon­larının nümunəsində)

Yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad İsgəndərovun

yeni kitabı belə adlanır

Əsər "İşğal dövründə Ermənistanın Azərbaycan ərazilərində ekosid, urbisid və kultursid siyasəti" və "Ekoloji tarazlığın pozulması Azərbaycanın inkişaf strategiyasında" adlanan iki hissədən ibarətdir. I hissədə Ermənistanın Azərbaycana qarşı apardığı məkrli işğalçılıq siyasətindən, II hissədə Ermənistanın viranə qoyduğu Azərbaycan ərazilərini əvvəlki görkəminə qaytarmaq üçün respublikamızın həyata keçirdiyi dinc-quruculuq işlərindən bəhs olunur.

***

Bu gün bütövlükdə dünyada, o cümlədən Azərbaycanda da ekoloji tarazlıq pozulmuş, su, torpaq və atmosfer havasının çirklilik dərəcəsi qlobal problem həddinə çatmışdır. Bu hal mütəxəssislər tərəfindən XX və XXI əsrlərdə sənayenin sürətli inkişafı, insanların təbiətə amansızcasına müdaxiləsi, təbii ehtiyat­lardan istifadənin istismar həddini alması, təbii sərvət­lərin insan tərəfindən sərhəd gözlənilmədən məsrəf edilməsi və bir sıra digər səbəblərlə izah olunur.

Ancaq respublikamızda mövcud problemlərlə yanaşı Erməni­stanın Azərbaycan torpaqlarında təqribən 30 il ekosid, urbisid və kultursid siyasəti aparması kimi səbəblər də var. Bu həssas hal isə respublika hökümətindən digər dövlətlərlə müqayisədə mövcud problemlərə nəticə etibarı ilə daha ciddi və ehtiyatlı yanaşılma­sını tələb edir.

Bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da ekoloji siyasətin başlıca hədəfi dövlətin öz vətəndaşının təhlükəsiz mühitdə yaşamasını təmin etmək, əldə olanları, başqa sözlə, ekosistemləri qorumaq, ətraf mühitə imkan daxilində­ ziyansız təsir göstərməklə təbii sərvətlərdən səmərəli istifadədir.

Tədqiqat müstəvisinə çıxarılan mövzu ölkənin ekoloji cəhətdən təhlükəsiz və davamlı inkişafının təmin edilməsi yönümündə əhatəli işlər görüldüyü indiki zamanda olduqca çox aktuallıq kəsb edir.

Tədqiqatdan məqsəd XX əsrin sonuncu onilliyindən keçən müddətdə Ermənistanın Azərbaycanın təbiətinə və ümumən ekologiyasına vurduğu zərəri və bərpa işlərinin təşkili barədə araşdırmaları ərsəyə gətirmək olmuşdur. Bu zaman bərpa işlərinin keyfiyyətli, ancaq qənaət prinsipi qorunaraq həyata keçirilməsinə, inkişaf modelinin yeni və standartlara uyğun olmasına, erməni ekosid siyasətinin nəticəsi olaraq yararsız hala düşmüş torpaqların istifadə üçün yararlı hala gətirilməsinə, bu işlərə dünyanın tanınan şirkətlərini cəlb etməklə müvəffəq olmağa, xarabalığı xatırladan ərazilərdə "Yaşıl enerji" zonası yaradılmasına xüsusi diqqət yetirilmişdir.

Qeyd olunan məsələlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan əvvəlki iqtisadi göstəriciləri ilə müqa­yi­səli təhlil edilmiş, digər rayonların səviyyəsinə gətiril­məsi yolları açıqlanmışdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında erməni­lərin usanmaq bilməyən ekosid, irbisid və kultursid siyasəti yalnız Azərbaycanın və regionun deyil, bütövlükdə dünyanın ekoloji və sosial-iqtisadi həyat tərzinə köklü təsir göstərə biləcək problem tərzində ifadə edilmişdir. Fikrimizcə, problemə dünyanın problemi prizma­sından yanaşılması daha düzgün olardı. Ancaq təəssüf ki, Ermənistan II Qarabağ müharibəsindəki məğlubiyyəti ilə barış­maq istəmir, atəşkəsin şərtlərini mütəmadi olaraq pozmaqda işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinin gedişinə maneçilik törətməkdə israrlı olaraq qalmaqdadır.

Uzun illər səngimək bilməyən bu mürəkkəb tarixi-siyasi vəziyyət, eləcə də Azərbay­canın təbii sərvətlərinə Erməni­stanın dağıdıcı münasibəti və ekosistemlərin qorunması kimi məsələlər nəzərə alınaraq, erməni ekosidinin aktuallığı əsərin I hissəsində bir neçə istiqamətdə nəzərdən keçirilmişdir: 1 - ekosid anlayışına tarixi bir nəzər, ekosid siyasəti qanunvericilik müstəvisində; 2 - qərəzli münaqişə və gərginlik səbəbindən içməli və suvarma suyun çirkləndirilməsi və bunun əhalinin sağlamlığına və iqtisadiyyata mənfi təsiri; 3 - ekosistemin tarazlığının pozul­ması, başqa sözlə, torpağın dağıdılması, yerli fauna və flora növlərinin kökünün kəsilməsinin nəticəsi olaraq bölgədə bioloji müxtəlifliyin ciddi təhlükə altında olması; 4 - ekoloji faktorlar nəzərə alınmaqla infrastrukturun qurulması, sənaye fəaliyyəti­nin artması və təbii sərvətlərin davamlı şəkildə idarə olunması; 5 - ekosid siyasətindən əziyyət çəkilməsi səbəbindən bölgədə iqlim dəyişikliyinin baş verməsi və bunun əhalinin sağlam­lığına, eləcə də kənd təsərrüfatının məhsuldarlığına mənfi təsiri.

"Ekoloji tarazlığın pozulması Azərbaycanın inkişaf strategiyasında" adlanan II hissədə "Ekoloji tarazlığın qorunması Azərbaycanın ekoloji siyasətinin tərkib hissəsi kimi" və "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nümunəsində Azərbaycan ekologiyanın bərpası sahəsində respublikamızın davamlı inkişaf konsepsiyası" mövzuları təsdqiqat müstəvisinə çıxarılmış, Ermənistan və Azərbaycan hökumətlərinin ekoloji siyasət modelləri qarşılıqlı müqayisə zəminində açıqlanmış, adı çəkilən dövlətlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini necə qarşıladığı məsələlərinə aydınlıq gətirilmişdir. Faktlarla sübut olunur ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının nüvəsində yalnız ekosid yox, urbisid və kultursid siyasətləri də durur. Dövlət olaraq Ermənistanın bu əməlləri Beynəlxalq Cinayət Məcəlləsinin soyqrım, etnik təmizləmə və zorakılıq kimi maddələrində özünü açıq-aşkar göstərir. Və bu mövqe nəinki respublikamız, yaxud region, ümumilikdə bəşəriyyət üçün ciddi təhlükədir. 

Əsərdə ekoloji siyasətin Azərbaycan modelinin əsas istiqamətlərinə geniş açıqlama verilir, respublikamıızın mövcud problemləri "Azərbay­can 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" vasitəsilə həll etmək iqtidarında olduğu tədqiqat müstəvisinə çıxarılır. "İlham Əliyevin ekoloji siyasəti" mövzusu gündəmə gətirilməklə Azərbaycan höküməti­nin həyata keçirdiyi ekoloji siyasətin hədəfləri açıqlanır. Başlıca məqsədin indiki və gələcək nəsillərin ehtiyaclarının  ödənil­məsi, davamlı inkişafın təmin edilməsi, başqa sözlə, mövcud ekoloji sistem­lərin və iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə, fəaliyyət zamanı qarşıya çıxa biləcək problemlərin sağlam düşüncə və ətraf mühitə mümkün qədər az mənfi təsir göstərməklə aradan qaldırılmalı olduğu diqqətə çatdırılır.

Tədqiqat işi ekoloji problemlərin öyrənilməsi və elmi-nəzəri təhlili ilə məşğul olan hər kəs üçün əhəmiyyətli mənbədir. Araşdırmadan və onun nəticələrindən tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin, müvafiq mövzularda mühazirə mətnlərinin hazırlanması işində yararlanmaq mümkündür.

Zaur Ustac,

AJB-nin və AYB-nin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31