Özbəkistanda Azərbaycanın “Zəfər Günü” münasibətilə kitab təqdimatı keçirilib. (FOTO)
6 Noyabr 10:32 ƏdəbiyyatAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş "Vatan uchun jon fido qilgan qahromanlar" (Vətən üçün can fəda edən qəhrəmanlar) adlı kitabın Daşkənd İqtisadiyyat və Pedaqogika İnstitutunda "Zəfər Günü" münasibətilə təqdimatı keçirilib.
Sözügedən ali təhsil ocağının rektoru, professor Şakarboy Caniqulov tədbiri giriş sözü ilə açaraq Azərbaycan torpaqlarının 30 ildən çox erməni işğalı altında saxlanıldığını və bu ərazilərdə ermənilər tərəfindən genişmiqyaslı vandalizm hərəkətlərinin həyata keçirildiyindən söz açıb. Qarabağda işğal altında olan torpaqlarımızdakı tarixi abidələrimizin, məscidlərimizin ermənilər tərəfindən tamamilə dağıdıldığını və iki məscidimizdə isə donuz saxlanıldığını xüsusi qeyd edən rektor, ermənilərin Azərbaycan xalqına qarşı düşmənçiliyinin kökündə onların bütün türk dünyasına olan düşmənçiliyinin durduğunu, hələ yüz il bundan qabaq ermənilər tərəfindən Fərqanədə, Mərgilanda, Kokandda özbək xalqına qarşı daşnakların törətdiyi vəhşiliklərdən, cinayətlərdən söz açıb. Ş.Caniqulov özbək xalqının otuz il bundan qabaq olduğu kimi indi də Azərbaycan xalqının yanında olduğunu vurğulayaraq bu birgəliyin bir olan kökündə qədim tarixi köklərimizin durduğunu qeyd edib.
Daha sonra çıxış edən Özbəkistandakı H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev Qarabağ savaşından, erməni təcavüzkarlığından söz açaraq, Özbəkistan dövləti və xalqının həmişə yanımızda olmasını, Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini xatırlatdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi Azərbaycan əsgərinin şücaəti şəhidlərin qanı canı bahasına nəhayət ki torpaqlarımızın 28 ildən sonra düşmən tapdağından azad edildiyini söyləyən N. Əlimirzəyev bununla da bütün şəhidlərimizlə yanaşı İsgəndər Aznaurovun qanının yerdə qalmadığını qeyd etdi. 8 noyabrda Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunması tarixinin Azərbaycan xalqı tərəfindən Qələbə günü kimi qeyd edildiyini bildirən N.Əlimirzəyev Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən bu tarixin Zəfər Günü kimi qeyd olunduğunu vurğuladı. Bu gün işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq işlərinin aparıldığını deyən natiq, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdaraq əvvəlki həyatlarına döndüklərini və bu quruculuq işlərində Özbəkistan dövlətinin də rolunun olduğunu dedi.
Daha sonra çıxış edən professor Marufcan Yoldaşov Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr edilən sözügedən kitabın gənc nəsillərin qəhrəmanlıq ruhunda yetişməsi baxımından əhəmiyyətindən söz açıb.
Çıxış edən filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iki ölkə arasında mövcud mədəni-ədəbi əlaqələrdən söz açaraq bu sahədə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti ələlxüsus da sözügedən mərkəz tərəfindən həyata keçirilmiş nəşr layihələrindən söz açıb. Sözügedən nəşrin əsas məqsədi Azərbaycan xalqının suverenlik və ərazi bütövlüyü yolunda apardığı mübarizəni özbək oxuculara çatdırmaq və gənc nəsillərin milli vətənpərvərlik ruhunda yetişməsinə xidmət göstərmək olduğunu bildirdi.
Tarixçi alim dosent Asror Qayumov ermənilərin türk xalqlarına qarşı tarix düşmənçiliklərdən söz açaraq bu xalqlar içində azərbaycanlılarla yanaşı özbəklərin də ermənilər tərəfindən soyqırımlara, qətliamlara məruz qaldıqlarını xatırladıb.
Tədbirdə iştirak edən hərbiçi, polkovnik Noryigit Dusanov gənc nəslin yetişməsində tarixi qəhrəmanlıq mövzularının önəmli yer tutduğunu bildirərək Azərbaycanın Milli qəhrəmanı İskəndər Aznaurovun Birinci Qarabağ savaşında göstərmiş olduğu şücaətlərdən bəhs edən kitabın da bu istiqamətdə mühüm mənbə olacağını vurğulayıb.
Sonda tədbir iştirakçılarına İskəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edən sənədli film təqdim edilib.
Özbəkistandakı H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində çap edilmiş və müəllifi mərhum jurnalist-tədqiqatçı Mövlan Şükürzadə olan kitabda birinci Qarabağ savaşında şəhid olmuş Özbəkistanda anadan olan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovun həyatı, döyüş yolu, silahdaşlarının, onu yaxından tanıyanların, ailəsinin onunla bağlı xatirələri də yer alır.