Qan rənginə bürünmüş SÖZ çələngi- Züleyxa Nadir yazır

Züleyxa NADİR

44 günlük savaşın 444 cəngavəri

Yazı yazmaq,  SÖZ sənəti ilə məşğul olmaq peşələrin ən çətinidir. Yaradıcı adamın beyni 24 saat çalışır - evdə, mətbəxdə, avtobusda, təyyarədə, qatarda, hətta yatanda da dayanmır, yuxuda belə mövzunun süjet xəttini qurur. Beyin daim məşğuldu, dayanmadan düşünür. Yazının  birinci cümləsini fikirləşir, ya da sonunu necə bitirəcəyi haqqında götür-qoy edir. Yaxud da balaca bir fikrin ətrafında böyük bir "fırtına yaratmağın" yollarını axtarır. Çünki SÖZ xəzinədir, onu axtarıb tapmaq üçün uzun vaxt lazımdır.  

Bu xəzinəni sevən, başına dolanan və bu sadaladığım parametrləri özündə daşıyan SÖZ adamlarından biri  əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonaqdır. Əntiqə xanım SÖZ dünyasının vəfalı və fədakar nümayəndələrindəndir. Ömrünü SÖZ dünyasının ətrafında dolanmağa həsr edib, taleyi jurnalistika ilə bədii sözün rəngarəng ruhuna, xoş  ahənginə bürünüb. Vətənpərvərdir, xeyirxahdır, humanistdir, imza qoyduğu yazıları maraqla oxunur. Ona görə ki, qələmə aldığı hər cümlənin arasından bir sevgi boylanır: Vətən sevgisi, torpaq eşqi, yurd məhəbbəti. 

Bu sevginin hardan gəldiyini bilmək üçün haqqında yazılmış vikipediyanı oxuyaq:  "Qarabağın dağlıq hissəsinə erməni quldurlarının təcavüzü başlayan gündən jurnalist kimi dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olmuş, torpaqlarımızı qoruyan könüllülərə, əsgər və zabitlərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışmışdır. Xocalının soyqırımdan  əvvəlki vəziyyətində, ŞuşadaAğdamın Gülablı, Mərzili, Başqərvənd, Papravənd, Füzulinin Qacar, Xələfşə, Cuvarlı, Gövşatlı, Veysəlli, Arış, Hoğa kəndlərində və Məngələnata yüksəkliyində, Cəbrayılın Sur yüksəkliyində, Zəngilanın Novlu, Kollu, Rəzdərə, Yeməzli, Günqışlaq, Pirveyisli, Şərifan, Aşağı Göyəli, Nəcəflər, Ağbənd, Vejnəli, Qubadlının Çardaqlı, Əyin, Məlikəhmədli, Tarovlu, Yuxarı Cibikli, Aşağı Cibikli, Əliquluuşağı, Zor, Laşının Səfyan, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Türklər, Qazağın Barxudarlı, Sofulu, Qızılhacılı, Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Tovuzun Ağdam, Əlibəyli, Koxanəbi, Göyəbaxan, Böyükqışlaq, Ağdərədə, Tərtərin Dəmirçilər sovetliyinin Ağkənd, Cəmilli, Balakəngərli kəndlərində Leninavan, Yarımca, Seysulan, Marqoşevanda, Vəng yüksəkliyində, Kəlbəcərin Qılıclar, Hacıkənd, Kamo, Azad, Toğana, Dikyurd, Sarıyer, İstisu ərazilərində olmuş və ön cəbhədə gedən döyüşlərin iştirakçılarından müxtəlif səpkili yazılar yazmışdır.  Ümumiyyətlə, 1988-1994-cü illərdə Füzuli cəbhəsində 12, Ağdamda 8, Qubadlıda 4, Laçında 2, Zəngilanda 2, Şuşada 2, Cəbrayılda 1, Xocalıda 4, Ağdərədə 2, Kəlbəcərdə 1, Qazaxda 2, Tovuzda 2, Gədəbəydə 1 dəfə olmuş və burada şahidi olduğu hadisələr, canlı döyüş epizodları, döyüşçülərin vəziyyəti, qayğı və problemləri ilə bağlı yazılarla çalışdığı mətbu orqanında çıxışlar etmişdir. Bundan başqa mütəmadi olaraq xəstəxanalarda müalicə olunan yaralı əsgər və zabitlərimizə baş çəkmiş, şəhid ailələrinə maddi və mənəvi dayaq durmuşdur. Milli qəhrəmanlardan Əliyar ƏliyevElman HüseynovVəzir OrucovAlı MustafayevŞirin MirzəyevÇingiz Mustafayevlə şəxsən görüşüb döyüş yolları barədə məqalələr hazırlamışdır".

Bu ali hisslər onun yazdığı  "Vətən, səndən keçmək olmaz", "Vətən II kitab", "Ölməzlik", "O bir qərib savaşçı" və "44 günlük savaşın 444 cəngavəri" kitablarında daha qabarıq hiss olunur. Bu kitabların beşində də Əntiqə xanımın zəhməti və istedadı SÖZ dünyasının ruhunda birləşib. "Vətən, səndən keçmək olmaz" kitabında Birinci Qarabağ savaşının qan-qada qoxusu, top-tüfəng səsi, əsgərlərin hünəri, igid oğulların döyüş əzmi toplanıb.  Sonuncu "44 günlük savaşın 444 cəngavəri" isə Vətən Müharibəsinin  Xaçmaz qaziləri haqqındadır. Qarabağın azadlığı uğrunda döyüşən xaçmazlı qazilərin həyat və döyüş yolu bu kitabda toplanıb. 

Hər SÖZ ayrılıqda bir məna daşıyır, amma SÖZ sərrafı  həmin sözləri al-əlvan muncuq kimi ipə düzəndə bu, olur laləzar bir çəmənlik. Əntiqə xanım həmin çəmənliyin çiçəklərini toplayıb çox məharətlə, həvəslə, sevə-sevə  SÖZ çələngi hazırlayıb.  Amma bu çələngin digər SÖZ çələnglərindən fərqi odur ki, burada hər çiçəyin, hər gülün üzərində qan görünür.  Və bu çələngin tək rəngi var:  qıpqırmızı qan rəngi. Amma bu qan nahaq qan deyil. Bu qan  haqq davasında Vətən torpağına çilənmiş şəhid qanının təkrarıdır.  Yaralı qazilərin Zəfər qanıdır, 444 cəngavərin savaş xatirəsidir.

Əntiqə xanımın bu kitabı mənə klassiklərin biblioqrafik göstəricilərini və səlnamə materiallarını toplayan Qulam Məmmədlini xatırladır. Azərbaycan milli mətbuatının görkəmli tədqiqatçısı olan Qulam Məmmədli böyük şəxsiyyət idi. Gənc nəslin nümayəndələrinə örnək ola biləcək şərəfli ömür yolu keçib Qulam Məmmədli. Əntiqə xanım özü də bilmədən Qulam Məmmədli "yolu gedərək" xaçmazlı qazilərin  biblioqrafiyasını toplayıb, onların salnaməsini yaradıb. Bu, ağır və çətin işdir. 444 nəfəri dinləmək, yazıya almaq bir yana, onların savaş günlərində yaşadıqlarını yaşamaq isə bir ayrı duyğudur, ağrılı hissdir, unudulmaz  xatirədir. Əntiqə Qonaq bu duyğuları iki il yaşayıb, ortaya  üç cildlik kitab qoyub. Mən ona qazilərin Qulam Məmmədlisi deyərdim. 

Müəllif kitaba maraqlı ad qoyub : "44 günlük savaşın 444 cəngavəri". Etiraf edirəm 4 rəqəmini heç vaxt sevməmişəm. Amma il yarın öncə  ayın 4-də doğulan nəvəmdən sonra bu rəqəm sevimlim oldu. 4 mənim üçün hikmətlə, mistika ilə dolu bir ədədə çevrildi. Demə Pifaqor demiş, dünya ədədlər üzərində qurulubmuş. Məncə, Əntiqə xanımın kitabının adında yer alan 4 rəqəmində də bir mistika var. Bəlkə də o, bunun elə də fərqinə varmayıb. Numerologiyada 4 rəqəmisabitlik və möhkəmlik deməkdir. Onun möhkəmliyi kvadratla - kosmosun tərəfləri, ilin fəsilləri və od, torpaq, hava və su ünsürləri ilə ifadə olunub. Ən sadə ədəddir. "44 günlük savaşın 444 cəngavəri"ndə də bu sadalananlar əks olunub. Əntiqə Qonaq da sadə xanımdır. Üç cildlik kitabdakı mistika 4 günlük aprel və ardınca 4 günlük Tovuz döyüşlərində,  4 il sonra 44 günlük Vətən müharibəsində,  24 saatlıq antiterror  tədbirlərində, 400 illik erməni "iştahası"nın öldürülməsində, yəni  "dənizdən dənizə Ermənistan dövləti qurmaq"  arzularının gözlərində qalmasında qabarıbdır. Əminəm ki, 2024-cü il aprelin  4-də Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında  keçirilən "44 günlük savaşın 444 cəngavəri" kitabının  təqdimat  mərasimində  4 rəqəminin hikmətini və mistik aurasını  hər kəs hiss etdi. Yoxsa təqdimat mərasimində o qədər ziyalı, şəxsiyyət, yazıçı, jurnalist, hərbçi,  deputat, Xaçmazdan gələn qonaqlar iştirak etməz,  kitab haqqında söz demək, fikir bildirmək üçün "üsyan" etməzdilər.

Yazmaq üçün stol arxasında oturmağı bacarmaq lazımdır.  Yaradıcı adam həmin bacarıqdan dolayı istedad  sahibidirsə, ortaya qoyduğu "məhsul" da keyfiyyətli olur.  Sən, ey SÖZ adamı, stol arxasında oturmaqdan belin əyiləcək, bu səni qorxutmursa, buyur gəl SÖZün hüzuruna.  Saatlarla oturmalısan, düşünməlisən və bunları kompüterin yaddaşına köçürməlisən.  Əgər düşünməkdən yorulmursansa, yazmaqdan usanmırsansa, buyur gəl SÖZ dünyasına. Gözlərin işığını itirəcək,  görməkdən məhrum ola bilərsən, bu səni incitməyəcəksə, buyur gəl SÖZ dəryasında üzməyə. SÖZün sanbalı ürəyini ağrıdacaq, bu ağrını daşıya biləcəksənsə, buyur gəl SÖZlə qolboyun olmağa. Nəhayət, SÖZ səni stol arxasındaca öldürə bilər, bu ölümə hazırsansa, buyur gəl SÖZ Cənnətinə. Əntiqə Qonaq SÖZlə qolboyun olub  "44 günlük savaşın 444 cəngavəri"ni araya-ərsəyə gətirərkən bu yaşantılarla da qolboyun olub. Özü də bilmədən 4 rəqəminin mistikasına düşüb və  bir gün də olsun yorulmayıb, usanmayıb, "uf" deməyib. 4-ün sevimli və sadə haləsi onun başı üzərində olub.

Bilirəm ki, bu kitab erməninin qorxulu yuxusuna çevrilmiş 4 rəqəminin son akkordu olmayacaq...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31