AKILBEK ŞAYAXMET

Yazıçı-şair. Beynəlxalq Yaradıcılıq Akademiyasının müxbir üzvü. Qazaxıstanın fəxri jurnalisti, Qazaxıstan Respublikasının mədəniyyət xadimi, ortaq türk mədəniyyətinin, ədəbiyyatının, türkologiyasının inkişafında müstəsna xidmətlərinə görə Mahmud Kaşkari adına beynəlxalq mükafatın laureatı, Məhəmməd Haydar Dulati adına beynəlxalq ədəbi mükafatın laureatı, Beynəlxalq "Alaş" mükafatı laureatı.

Şeirlər

KOR  HAQQINDA  BALLADA

Qara pərdə, qara lay,

Qara günəş, qara ay,

Qara çörək, qara köy,

Qara ömür, qara göy.

Qara bulud, qara yağış cəngidir,

Qara onun üçün südün rəngidir.

Qaradır yayı, qışı da qaradır,

Qara zülmət qəlbi sıxan ağrıdır.

Hər şey qaradır sadə bir səbəbdən,

Kor idi adam anadangələndən.

Zülmətdə yaşadı yarım əsr insan,

Nəhayət rast gəldi ona bir loğman.

Bir gün gözlərilə açdı səhəri,

İşığa büründü, gördü rəngləri.

Qaranlıqda əllə tuxunduğunu,

İşıqda çox gözəl görürdü onu.

Gözlərin qaranlıq pərdəsi endi,

Yağış da işıqlı, yaz yaşıl, indi.

Keçmiş kor adam səfərə düzəldi,

Dünyaya öz gözüylə baxmaq gözəldi.

Günlər ötüb keçdi, artıq ötdü il,

Keçmiş bu kora heç nə aydın deyil-

Qara palçıq yaşıl yer kürəsini,

Zülmətdə seyr etdi ay ləkəsini.

İşıqlıdır üzü qara ruhların,

Gözəl nitqləri olur əclafların.

Qara qüvvələrin bitmir davası,

Yer üzündə məskən-pislik yuvası.

O günlər mehriban, gözəl keçmişdi,

Ağrı qəlbini iynə kimi deşdi...

Nə vaxt ki qara işləri görürdü,

İşığa çıxmağı onu üzürdü.

Ağrıya dözmədi, dayandı ürək,

Belə görənin qismətidir demək...

Naməlum dünyanın budur axışı,

Ölən kor adamın sönən baxışı.

Şair qəlbi narahat, vermir aram,

Niyə kor adamla sərt davranıram?!

Sərgərdan korun görəndə gözünü,

Oxudum mənə tənəli sözünü.

VULKAN

Hələ böyüməyib qartal balası,

Yöndəmsiz olur qanad çalması.

Gücü əsrə sığar, bir ana sığar,

Vulkantək özündə enerji yığar.

Qandalları atıb, çıxar öcünü,

Göstərər bizə planetin gücünü.

Ən parlaq hisslərlə günə bələndim,

Doğru yoldan dönməməyi öyrəndim.

Damarımda qan qaynayıb daşır ,

Soyudulmuş kürə örtüyü deşir.

Ancaq lava ilə püskürür bir də,

Sinəmdə şeirin sehri qızışır.

ÇƏTİR

Leysan yağışı altında,

Cütlüklər bazardan gedir.

Qoruyur ağuşu altında,

Sanki göy qurşaqlı çətir.

İgid əyilib, gedir ağır,

Güc eyni, yükə nə tənə?!

Yol yoldaşı qalib baxır,

Hər yandan keçib-ötənə.

Olay düşünəsən gərək,

Sanki mövzu azdır deyə.

Siz cavab verin bir görək,

Ona heyfim gəldi, niyə?

DÜNYƏVİ DİLLƏR

Təbiətlə qalanda mən üz-üzə

Dünyəvi dilləri ayırd edirəm:

Ağaclar səssiz danışır göz-gözə,

Həm meşə quşlarını dinləyirəm.

Uzaqda dalğaların var öz səsi,

Necəsə fit çalır sakit küləklər...

Bir anda dillərin yerə enməsi,

Onları bilməyə yetməz biliklər.

Dilsiz yer üzündə çox çətin olar,

Sevinci-kədəri ifadə etmək.

Uzun əsrlər səssiz qalıbdı dağlar,

Onlar ucaldıqca susublar demək?

Bütün dillər- doğumun birinci anı,

Sevgi, ölüm, həyat- yeni biçimdə.

Əgər dilim tərk edərsə dünyanı,

Tapmazsan məni daha öz içimdə.

*****      *****

Sən mənimlə olanda - ehtiras yaşar məndə.

Sən yanımda olanda - uzun yol qısa olar.

Zərifsən- tülpan-laləli adalar içində,

Qəzəblisən- günün gecətək zülmətlə dolar.

Uzaqdır yolumuz, ulduz işığına gedər,

Tale işığına doğru otlu, tozlu yolla.

Birdən, bu yolda yürüməkdən yorulsan əgər,

Çəkərəm yükünü ki, mənə də yüngül ola.

******            *****

"Мənə bir söz de, sən"- deyirəm.

Susursan.

"Başqasını gözləyirsən?"-deyirəm.

Susursan.

Əlindən tutmaq istəsəm, qoparıb üzürsən.

Sən yüz tapşırığı heç vaxt həll edə bilməzsən.

Soruşuram: "Məni sevirsən, ya yox, adam,

Zülmət gecə kimi, ağ işıq kimi tənhayam.

Bununla belə, qurtulmaq olmur çox da asan,

Sənə gəlirəm, cavabında sən ağlayırsan.

XOŞBƏXTLİK

Xoşbəxtlik nədir - necə duymaq olar?

Neçə-neçə xoşbəxtlik - saymaq olar!

Xoşbəxtlik- qarşılayasan səhəri,

Xoşbəxtlik-yaradıcılıq hissləri.

Xoşbəxtlik... Sənsizlik-həyat dayanar,

Sənsən pəncərəmdə işıqtək yanar.

Sevgilim, həmişə qəlbimlə doldun,

Sən mənim sərvətim, taleyim oldun.

HƏYAT HAQQINDA

Budur o- həyat, dəyişkən bir bayram,

Orda mən nə qonağam, nə də varam.

Kədərim nə sonuncu, nə birinci,

Mənim ürəyimdə insan sevinci.

Planetdə nə qədər ömür-yaşam var,

Mən sevincə cavabdehəm, insanlar!

VƏTƏN SEVGİSİ

Qərib ölkədə baharı gözləməkdən yorulub,

Dönür köçəri quşlar doğma yerlərə sarı.

Vadilərdə yuvaları həsrətdən qovrulub,

Göylərdə durnaların səflənibdi qatarı.

Qaçırlar soyuqdan, qucurlar isti baharı.

Yad ölkədə yaşayan insan xoşbəxtmi olar?

Doğma yurdu olmasa, xoşbəxt olammaz insan.

Uçur mavi daşqınlar üzərindən durnalar;

Qüruru olmayan quşun ürəyində, baxsan,

Bütün doğma yerlər, torpaqlar sığar, bütün!

Çevirəni: İLQAR TÜRKOĞLU

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31