Beynəlxalq “Silkway” ədəbiyyat festivalı major notlarla başa çatıb
3 May 2022 16:35 ƏdəbiyyatƏdəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq "Silkway" ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsi Qubada, "Şahdağ Quba Truskavets" Sanatoriyasında keçirilib.
AZƏRTAC xəbər verir ki, "Silkway International Writers Union" təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin, "Şahdağ Quba Truskavets" Sanatoriyasının təşkilati dəstəyi, "Ədəbiyyat və incəsənət" portalının informasiya dəstəyi ilə keçirilən festivalın seçim turunda 300-ə yaxın namizədi qabaqlayan 30 gənc yazar fərqlənərək final mərhələsinə vəsiqə qazanıblar. Onların arasında ədəbi gəncliyin Fərid Hüseyn, Ramil Əhməd, İntiqam Yaşar, Cavid Zeynallı, El Roman, Faiq Hüseynbəyli, Eminquey, Ulucay Akif, Nargis İsmayılova, Bahəddin Salman, Emin Piri, Ruslan Dost-Əli, Mehdi Dostəlizadə, Ayxan Ayvaz, Nadir Yalçın, Ələsgər Əhməd, Ümid Nəccari, Rəvan Cavid, Nigar Arif, Cavid Qasımov, Səddam Laçın, Həsən Kür kimi parlaq imzalarına rast gəlmək olar.
Aprel ayının 30-dan may ayının 2-dək 30 nəfər finalçı səfalı Quba bölgəsinə səfər edərək üç gün iki gecə "Şahdağ Quba - Truskavets" sanatoriyasında yaşayıb, öz əsərlərini özləri səsləndirməklə münsiflərdən 10 ballıq sistemlə qiymət alıblar. Qubanın görməli yerlərinə ekskursiyalar, "Çölçü" obasına yürüş də təşkil olunub.
Bundan əlavə, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar gənc yazarlara ustad dərsi keçib, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov "Müasir Azərbaycan ədəbiyyatının inkişaf tendensiyaları", Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi "Dünya ədəbiyyatının mədəniyyətdə rolu" mövzusunda məruzələr ediblər.
Qubadakı "Azərkitab" mərkəzində AYB sədri Anarın bölgə yazarları ilə görüşü, bölgə şairlərinin Bakıdan gələn qonaqlar qarşısında öz şerlərini oxumaları da festivalın tərkib hissəsi kimi bölgə ədəbiyyatının inkişafına bir təkan olub. Bölgənin tanınmış şairi Ramiz Qusarçaylının AYB tərəfindən yeni təsis edilmiş Əhməd Cavad mükafatına layiq görülməsi mərasimi də festivala bir rəng qatıb.
Festivalın münsifləri Nizami Cəfərov başda olmaqla AYB sədrinin müavini Rəşad Məcid, AYB katibləri Elçin Hüseynbəyli, Xəyal Rza, AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, tənqidçi Nərgiz Cabbarlı, "Söz" layihəsinin rəhbəri Nigar Həsənzadə, şairlər Ramiz Qusarçaylı və Əkbər Qoşalı, yazıçı Varis olublar.
Təşkilat Komitəsinin həmsədrləri yazıçılar Əlibala Məhərrəmzadə və Varis olan Beynəlxalq "Silkway" ədəbiyyat festivalının Azərbaycan turunun may ayının 1-də təşkil edilmiş Qala gecəsində Xalq artisti Malik Mansurovun bədii rəhbəri olduğu "Naz-nazı" muğam qrupunun ecazkar musiqisinin, təbrik nitqlərinin müşayiəti ilə bütün iştirakçılar "Festivalın finalçısı" fəxri diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və sertifikatlarla mükafatlandırılıblar. Daha bir iştirakçı - qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşib.
1-ci yeri Ruslan Dost-Əli, 2-ci yeri Ulucay Akif və 3-cü yeri Cavid Qasımov tutublar. İştirakçıların səsverməsi nəticəsində isə El Roman fərqlənib.
Növbəti mərhələlərdə festivalın qalibinin kitabının nəşri, PR, mükafatçıların beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur.
Dünyadakı analoji layihələrdən ödənişli olmaması üstünlüyü ilə seçilən və devizi "Sonda ədəbiyyat qalib gələcək!" olan Beynəlxalq "Silkway" ədəbiyyat festivalının Azərbaycan turunun hər il keçirilməsi planlaşdırılır.