Əbülfət MƏDƏTOĞLU: Mən Şuşada yazıram!
6 Sentyabr 2021 13:36 ƏdəbiyyatVaqif poeziya günlərinə səfər zamanı qarşılaşdığım ən maraqlı və yadımda qalan məqamlardan biri dəyərli dostum, zarafatla "general" deyə müraciət etdiyim yazıçı-publisist Yunis Oğuzla bağlıdır. Deməli, Şuşada olduğumuz ilk gecə təqribən axşam saat 9 ərəfəsində Yunis bəylə Xarı Bülbül otelinin həyətində qarşılaşdıq. Məni görən kimi birbaşa dedi:
- Ayə, baxdınmı?
Təbii ki, mən də maraqla soruşdum:
- Nəyə?
- Ayə, artıq saytlarda, feyzbukda paylaşmışam, hamı da durmadan yayır...
- Nəyi?
- Ayə, Mən Şuşada Yazıram!
Bir anlıq dayandım. Və elə o bir anın içərisində də doğrudan-doğruya Yunis Oğuzun sözün incə nöqtəsindən tutduğunu anladım. Çünki Yunis bəy heç kimə demirdi ki, Şuşa haqqında yazıram, Şuşa ilə əlaqəli nəsə yazıram. O deyirdi ki, Mən Şuşadan Yazıram! Yəni, faktiki olaraq mən Şuşadayam. Həqiqətən bu bir tarixi gün idi, tarixi an idi və biz hamımız Şuşadan yazmağa başlamışdıq. Bunu ilk bəyan edən isə Yunis Oğuz idi.