Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar audiokitab yaradılıb
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir...
3 Avqust 2021 14:28 ƏdəbiyyatDünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış "Xəmsə"si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.
Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Dünyanın bir çox ölkələrində Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Nizami Gəncəvinin yubileyləri Azərbaycanda hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
05 yanvar 2021 ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında 2021-ci ili "Nizami Gəncəvi İli" elan etmişdir.
Dünyanın müxtəlif yerlərində Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi ilə diasporlarımız Nizami Gəncəvi ili ilə əlaqədar möhtəşəm tədbirlər keçirir.
Türkdilli dövlətlərin siyasətinə dəstək fondu fərqli bir iş görüb. Hələ bir neçə il əvvəl
fondun sifarişi ilə Qırğızıstanın xalq şairi Eqemberdi Ermatov "Yeddi gözəl" dastanını qırğız dilinə tərcümə etmişdir. Əsər kitab şəklində nəşr edilib pulsuz yayılmışdır. Kitab tam şəkildə fondun saytına yüklənib, maraqlananlar oxuya bilərlər.
Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin, TürkPA nın və Qırğız Respublikası İctimai televiziyasının dəstəyi ilə Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, şairin "Yeddi gözəl" dastanının qırğız dilində audiokitabı yaradılıb.
Bu il Nizami Gəncəvinin 880 illiyiyinə töhfə olaraq yaradılmış audiokitab Dünyada fəaliyyət göstərən Azərbaycan diasporaları arasında bir ilkdir. Bütün diasporalarımız dahi şairin "Xəmsəsindən" bir əsərini olduqları dövlətlərin dillərinə tərcümə etdirib, nəşr etdirib, audiokitabını yaratsa bu, diasporların böyük xidməti olardı.
14 hissədən ibarət olan audiokitab 6 saat 4 dəqiqə davam edir. Audiokitabı qırğız dilində yüksək kateqoriyalı diktor Jıpara Şabdanaliyeva səsləndirmişdir. Audiokitabın rejissoru Bektursun Kaldarovdur.
Qeyd edək ki Leyla xanım Əliyevanın İssık Kula həsr etdiyi şeirə bəstələnmiş "İssık Kul-türkün inci dünyası" adlı bir mahnının festivalı çərçivəsində audiokitabın dinləyicilərə təqdim olunacağı nəzərdə tutulur.
Audiokitab tam şəkildə fondun saytına yüklənmişdir. Audiokitabla tanış olmaq istəyənlər bu linkə daxil ola bilərlər:
http://turktoday.info/az/zheti-suluu-audio-kitebi/