44 günlük Vətən müharibəsindən kitab yazan özbək şairi- MÜSAHİBƏ-ÖZƏL

Xasiyyət Rüstəmova: "Azərbaycanın keçdiyi 44 günlük çətinliklər bizim üçün də asan olmadı"

"Hər anı biz də həyəcan, dərd içində yaşayırdıq"

44 günlük Vətən müharibəsi Azərbaycanın dostu və düşmənlərini bir daha tanıtdı, onların kimlər olduğunu ortaya qoydu. Dostlarımız Azərbaycan Ordusunun qələbəsinə, işğal altında olan ərazilərimizin düşməndən azad edilməsinə sevindikləri halda, düşmənlərimiz, Ermənistanla eyni sırada dayananlar buna üzüldü, məyus oldu.

Azərbaycanın haqq işi uğrunda apardığı mübarizədə onun yanında olan, Azərbaycanın hər bir uğuruna sevinən insanlardan biri də özbək şairi, tərcüməçi, Özbəkistan Respublikasının "Şöhrət" ordeni laureatı Xasiyyət Rüstəmovadır. Məlumat üçün qeyd edək ki, Xasiyyət Rüstəmova Özbəkistanın Namanqan şəhərində anadan olub. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində alan şairə, daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində oxuyub. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə "Dan ulduzu" qəzetində çalışıb. 2015-ci ildən isə "Kitab dünyası" qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.

Tərcüməçi kimi də faəliyyət göstərən Xasiyyət Rüstəmova Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın "Qapını aç" adlı şeir kitabını özbək dilinə tərcümə edib. Bundan başqa 20 yanvar şəhidlərindən Ülvi Bünyadzadənin yazıçı-publisist, filologiya elmləri doktoru Almaz Ülvi tərəfindən tərtib edilən "Ömür yolu" adlı poeması Xasiyyət Rüstəmova tərəfindən özbək dilinə tərcümə olunub. Bu fəaliyyətlərinə görə, Xasiyyət Rüstəmova Azərbaycan tərəfindən təltif də edilib. Belə ki, ona 2015-ci ildə Mikayıl Müşfiq adına Azərbaycan Beynəlxalq mükafatı, 2017-ci ildə isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsitututunun "Azərbaycan - Özbəkistan elmi-ədəbi əlaqələrinə  göstərdiyi fəaliyyətinə görə Fəxri Fərman"ı təqdim edilib.

Qeyd etdiyimiz kimi Azərbaycana sıx bağlı olan Xasiyyət Rüstəmova 44 günlük Vətən müharibəsini də həyəcanla izləyib və Azərbaycanın müharibədə qələbə çalmasından məmnun olub. Məhz bu məmnunluq hissi, eyni zamanda Azərbaycana olan sevgi, ona bağlılıq Xasiyyət Rüstəmovanı həmin tarixi günlərdən bəhs edən "44 gün" adlı kitab yazmağa sövq edib.  "Şohrət" ordenli yazarın kitabı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə çıxıb.

Kitabın Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva başda olmaqla tanınmış simalardan ibarət redaksiya heyəti formalaşıb.

Xasiyyət Rüstəmovanı Vətən müharibəsindən bəhs edən kitab yazmağa sövq edən əsas məqam, bu ideyanın haradan qaynaqlanması ilə bağlı "Şöhrət" ordenli yazarın özünə müraciət etmək qərarına gədik. "OLAYLAR"-a verdiyi müsahibədə Xasiyyət Rüstəmova  həm "44 gün" adlı kitab, həm də digər məsələlərlə bağlı sualları cavablandırıb.

-Xasiyyət xanım, Siz Azərbaycanın 44 günlük Vətən müharibəsi  ilə bağlı  kitab yazmısınız. Belə bir kitabın yazılması ideyası haradan irəli gəldi və  bu istək sizdə haradan  yarandı?

-Gənc yaşlarımdan gündəlik yazmaq vərdişim var. Hər gün, müəyyən bir zamanda gündəlik yazıram. O ki qaldı qeyd etdiyiniz kitab barədə suala, onu deyim ki,  Azərbaycanın keçdiyi 44 günlük çətinliklər bizim üçün də asan olmadı. Hər anı biz də həyəcan, dərd içində yaşayırdıq. Narahat idik. Dostlarımız heç vaxt gözümüzdən uzaqlaşmadılar. Onların kədərli üzləri həmişə gözlərimizin önündə idi. Düzü, o günlərdə mənəvi bir döyüşdə idik, mənəvi bir döyüşçü idik və onlarla da yaşayırdıq. Müharibə günlərində  yazılan gündəliklərlə yanaşı, Qarabağla bağlı qısa silsilə şeirlərim də var idi. Bütün bunlar kağızda qalmasınlar deyə bir kitab hazırladım.

-Kitabın yazılmasında sizə kimlər dəstək oldu və müharibə ilə bağlı məlumatları haradan əldə etdiniz?

-Məni dəstəkləyən tək şey xeyirxahlıq idi. Eyni zamanda dostlarımın uzaqlara baxan gözləriydi. Bununla yanaşı gündəlik mətbuatdan xəbərdar idim.

-Kitabın digər xarici dillərə tərcüməsi nəzərdə tutulurmu?

-Kitab hazırda yalnız özbək və Azərbaycan dillərində çap edilib. Onun digər xarici dillərə tərcümə edilməsi ilə bağlı hələlik  heç nə deyə bilmərəm. Onu zaman göstərəcək.

-Erməniler zaman-zaman Qarabağdan, onların terror və işğal siyasətindən yazan yazarlara qarşı basqılara keçib, təpki göstəriblər. Sizə də belə  basqıların olması mümkündürmü və bu sizi qorxutmur?

-Əgər yazıçı qorxursa, kitab yazmaz. Digər tərədən, hər dediyim sözə görə, hər zaman cavab verməyə hazıram.

-Qarşıdakı müdDətdə Azərbaycan, yaxud Azərbaycan-Özbəkistan əlaqələri ilə bağlı  daha nələr etməyi,  hansı kitablar yazmağı düşünürsunuz?

-Heç ​​vaxt əvvəlcədən bir şey planlaşdırmıram. Yəni planlı bir insan deyiləm. Yazmaq da elədir, birdən yazmağa başlayıram.  Heç vaxt bir planım yox idi, planlarla razılaşa bilmirəm. Yazmaq istəsəm, budur, yazacam. İnşallah, Azərbaycan haqqında "Son" adlı bir kitab yazardım.

-Azərbaycanla Özbəkistan arasında fərqli sahələrdə əlaqələri necə dəyərləndirirsiniz?

-Siyasətə qarışacaq qədər böyük deyiləm. Eyni zamanda böyük şeyləri düşünməyən kiçik bir insan da deyiləm. Yalnız gələcəyə inanıram.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31