Salar Baba Xaridarinin “Oğuznamə”si işıq üzü görüb
18 May 2021 12:56 ƏdəbiyyatAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Salar Baba Xaridarinin "Oğuznamə"si nəşr edilib. Kitab İnstitut Elmi Şurasının 18 yanvar 2019-cu il tarixli 1 saylı iclas protokolunun qərarı ilə çap olunub.
Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Türkmən dilindən Azərbaycan dilinə çevirən, ön sözün müəllifi və nəşrə hazırlayan filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlıdır. Rəyçi akademik Teymur Kərimli, nəşrə məsul isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. "AFPoliqrAF" nəşriyyatında işıq üzü görmüş kitab 72 səhifədən ibarətdir.
XVI əsrdə yaşayan Salar Baba Xaridarinin bu əsəri elmdə "Salar Baba oğuznaməsi" kimi tanınır. "Oğuznamə" Salar Babanın "Cami ət-təvarix" ("Tarixlər toplusu") əsərinin bir hissəsidir. Bu "Oğuznamə" bütöv halda "Oğuz övladi-ətbaq və baqi-ətrak tarixi" ("Oğuz və onun nəslinin və qalan türklərin tarixi") adlanır. Nəşr olunan bu "Oğuznamə" 21 hekayətdən ibarətdir.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi