GÜNLƏRDƏN ŞUŞA! ŞUŞADAN ÖMÜR!..- Əkbər Qoşalı Yazır
8 Noyabr 2020 22:48 ƏdəbiyyatŞuşa! Özüm Şuşa, sözüm Şuşa! Közüm Şuşa, gözüm Şuşa! Canım Şuşa, qanım Şuşa! Yazda itirmişdik səni, payızda yenidən və bir dəfəlik qazandıq. Sən aid olduğun ölkənin, xalqın qazancısan! Biz sənsiz qalmışdıq, sən bizsiz! Dövləti tapusuz, dini (məzhəbi) saxta, ayrımçı, mədəniyyəti oğurluq, mənəviyyatı sıfır... olan bir xalq sənə sahib ola bilməzdi. Əgər bu "sahib ola bilməzdi" hökmü 28 il qüvvədə olmayıbsa, bu dünyanın ayıbıdır, tarixin mürəkkəbliyidir.
Əziz Şuşa, səni tapdaması 28 il sürmüş ermənilərin nəinki sən qayım Qalaya, əziz şəhərə, nəinki külli-Qarabağa, bütün Qafqaza aidiyyatı yoxdur! Çox sadə bir misal çəkim, söz deyim, qüsura baxma, can Şuşa. Can Şuşa, bunu mən şərti olaraq, "erməni lakmüsu" adlandırıram. - Deyim, necə: Qafqazada irili-xırdalı bir çox xalq yaşayır: çoxsaylı türksoylu xalqlar, gürcülər, saxurlar, tabasaranlılar, meqrellər, lazlar, svanlar, talışlar, ləzgilər, tatlar, haputlular, udinlər, yəhudilər, kürdlər, qrızlar, avarlar, acarlar, abaxazlar, osetinlər, çeçenlər, inquşlar, çərkəzlər, darginlər, laklar və b... Bu xalqların heç biri, təkrar edirəm, heç biri (üzr istəyirəm), atanın yanında qızına, qardaşın yanında bacısına, ərin yanında onun xanımına təcavüz etməyib, etmir, bunu öz ləyaqətinə sığışdırmayıb, sığşdırmır. Bu, Qafqaza xarakteridir - dinindən, dilindən asılı olmayaraq! Ancaq məhz ermənilər və də məhz çağdaş dövrdə bu alçaqlığı edib. Əsir və girov azərbaycanlılara münasibətdə ermənilərin etdiklərini dünyanın heç bir xalqı heç bir xalqa qarşı etməyib və yəqin, etməz də! Ən azı bu gerçəklik özü sübut edir ki ermənilər Qafqaz xarakterinə malik olmayan xalqdır, yığma tayfadır, görməmiş gəlmələrdir.
Qafqaza gəlmə olan, sənə də gəlmədir, can Şuşa. Can Şuşa, yəqin 28 il boyu suyun öz dad-tamında axmadı, bulaqların qurudu, meyvələrin dadsız oldu, qışın çox soyuq, yayın çox isti oldu. Bəlkə də belə olmadı, mən belə yaraşdırıram, səni insanlaşdırıram, şüurlaşdırıram, yaddaşlaşdırıram... Nə bilim... Bax, görürsənmi, İrəvanda oturan Ermənistan prezidenti deyilən zat da, Ermənistan Müdafiə nazirinin sözüçüsü də, artıq sən Şuşanın, Qarabağın onlarçün itirlməsini gerçək müstəvidən şüurlara daşımaqdan danışır, mübarizənin şüurlarda, tarixdə davam edəcəyini deyir... Şüursuzlar şüurdan danışır, can Şuşa! Can Şuşa, sən bizim şüurumuzdan ötəsən, ruhumuzun özüsən! Bəlkə Ermənistan başbilənləri tam idrak etmir, ancaq sənin uğrunda döyüşən Azərbaycan əsgərini gözü ilə görən ermənilər daha yaxşı başa düşüb ki Şuşa bir azərbaycanlı üçün nədir... - Yadımda qaldığı qədər məzmununu ifadə edirəm: Biz onları güllə ilə vururduq, yıxılırdılar, qalxıb qanları axa-axa yenə dağa dırmaşırdılar.
Can Şuşa! Sən bizim canımızdın, üstünü toz basmışdı, silməyə gəldik!
Əziz Şuşa! Sənin uğrunda biz ölə bilərik, sənin uğrunda biz öldürə bilərik! Sənin adına ölmək də, öldürmək də savabdır!
Doğma Şuşa! Yadlar-yabançılar nə bilir sən ruha necə qidasan, necə könüldən ayrılmayan cansan?
Şuşam! Sənə bayraq sancan əsgər möcüzə ilə gerçəkliyin bir arda necə tutula bildiyini gördü, göstərdi...
Şuşam mənim! Daha əbədiyyən bizimsən! "Sən bizimsən, bizimsən, durduqca bədəncə can"!
Bilirsən, Şuşa... Səni 8 may 1992-ci ildə itirəndə mən tələbə idim; inana bilmirdim; deyirdim ya yalandır ya ha bugün ha sabah - heç yubanmadan azad ediləcəksən! Şuşasız Qarabağ, Qarabağsız Azərbaycanmı olar?! - Bunu ağlıma sığışdıra bilmirdim. Hanı, aşıq deyir ha:
Arsız aşıq, elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
Hanı, şair deyir ya:
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!
Ancaq... yenə şairin sözləri ilə desək:
"Ölmədim" deyirəm,
nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə...
Mən... sən... o - Şuşa bilən, Şuşa deyən, Şuşa göynəyən bizlər 28 il ölü kimiydik. Bir gözümüz gülürdü bəlkə, amma o biri gözümüz ağlayırdı... Toya-düyünə gedirdik, qol qaldırıb oynayırdıq bəlkə, amma içdən gəlmirdi, bir qanadımızın qırıq olduğu hər halımızdan bəlliydi... Abay demiş, atəş də, buz da vardı yanaqlarda...
Şuşa, sənsiz ömür ömür deyildi, sənsiz gün gün deyildi, sənsiz Azərbaycan Azərbaycan deyildi. Sənsiz müstəqillik də tam deyildi! İndi qırışığımız açılır, indi sevinc nədi bilirik, indi gülüş nədi görürük, indi qalibiyyət nədi dadırıq...
Şuşa, sən işğal olunanda mən tələbəydim... indi övladımın biri əsgərdi, biri tələbə, biri orta məktəb şagirdi. Bax, neçə gündü fikirləşirdim, düşünüb-danışırdım, dövlət başçısı Şuşanın azad edildiyini duyurunca mən nə edəcəm? Necə davranacam? Hara qaçacam, kimə nə deyəcəm?! - Nə illah edirdimsə, modelləşdirə bimirdim ki bilmirdim. Bugün nə oldu? - Sanki göydə Tanrı, yerdə dövlət baba bizi Şuşa sevincinə hazırlayırmış - öyrədə-öyrədə, alışdıra-alışdıra gətirirmiş bu günə... Deyərlər ha, torpağın üzü sərindi - torpağa tapşırılan doğmalarımızdan ayrılığımızın "düsturu", o ayrılığa necə dözə bildiyimizin "niyə"si, "necə"si kimi deyərlər bu sözü... Məgər sevincin də üzü sərinmiş, Şuşa! Ya bəlkə belə deyil, mənə elə gəlir. Sən boyda sevinci yaşadım, qeyri-adi bir şey olmadı, bə, Şuşa! Eləcə key kimi qaldım. İnanırsan, əziz Şuşa, bilmədim neynəyim. Ailəcə televiziyanın önünə yığışıb dəqiqələri, saniyələri sayırdıq, vurnuxurduq, ürəyimizə dammışdı... Dammışdı ki Ali Baş Komandan bu gün məhz ŞUŞA deyəcək! Ali Baş Komandanın Xalqa Müraciətdən öncə məhz hərbi geyimdə məhz Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət etməsi, özlüyündə hər şeyi ifadə edirdi əslində! Və o tarixi anlar! Ürəyimiz sinəmizə sığmır, dodağımız sevincdən səyriyir, tükümüz biz-biz olur!.. Bir də baxdım evdə olan 4 ailə üzvümüz bir-birimizi indiyədək olmamış bir möhkəmlikdə qucaqlamışıq, öpürük, qışqırırıq! Bu anda əsgərlikdə olan oğlumla telefon əlaqəsi imkanı yarandı, o bizi, biz onu təbrik etdik!
(Yadıma orta məktəbin aşağı siniflərində oxuyarkən hər üç övladımın verdiyi eyni sualı xatırladım, bir də kövrəldim, bir də doldum: "Ata, niyə elə həmişə ermənilər bizi qırıb?! Bəs biz heç cavab verməmişikmi" - Mən də ata qüruru ilə bir şeylər danışır, izah edirdim, əlbəttə. Ancaq uşaqlar əllərindəki dərsliyə inanırdı və onun iki səhifəsindən bir işğal, faciə günləri sadalanır, öyrənilirdi... Uşaqları bir təhər ovudub, kitabda yazılmayanlardan söz açıb, təsəlli verir, ümid verir, inam aşılayırdım gücüm çatdığı qədər... Hər dəfə də onlardan gizlin dolurdum, kövrəlirdim, ağlayırdım, nə gizlədim...)
Sonra Şuşalı olmayan mən Qoşalını təbrik üçün neçə zənglər gəldi, mən də Şuşalı dostlarımı, hərbçi dostlarımı təbrik etdim, bir neçə generalımıza təbrik yazdım.
Sonra... yavaş-yavaş öyrəşdik, içimizə sindirdik, qəbullandıq.
Sonra bir də baxdım Prezidenti çıxışına. Tanrı, axı mən bu çıxışı bayaq da dinləmişdim, yenə dinlədim, bir də dinlədim və hər dəfəsində sanki ilk dəfə dinləyirdim kimi gəldi mənə...
Bugün Azərbaycanın bayramıdır, dünya azərbaycanlılarının bayramıdır, türk dünyasının əziz günüdür! Bütün haqq-ədalət tərəfdarlarının doğma, sevincli günüdür bu gün!
Azərbaycanın intibahı başlamışdır! Şuşanın azdlıq günü intibahımızın brilyant qaşıdır!
Bu gün şəxsən mənim günümüdür! Bütün şüurlu həyatı boyu türk dünyası, türk dünyası deyən, yazan, təbliğ və tərənnüm edən, bəlkə bir balaca töhfə verən mən Əkbər Qoşalının bayramıdır bu gün.
Bu gün mənim bayramımdır - illərdir Azərbaycan gəncliyi, Azərbaycan gəncliyi deyirəm, yazıram, təbliğ və tərənnüm edirəm, bəlkə gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində, ideya-siyasi, mənəvi hazırlığında bir azca mənim də payım var.
Bu gün "Ermənistanın Təslim Aktı"nı, "Ermənistanın qeyd-şərtsiz təslim Aktı"nın layihəsini aylar öncədən hazırlamış mənim bayramımdır. - O Təslim Aktının məhz 2020-ci ildə məhz Şuşada imzalana biləcəyini yazan mən qardaşınızdım...
Mənim bayramım, mənim təntənəm, mənim əziz günümüdür bu gün - uzun illər boyu dövlət, dövlətçilik, sağlam siyasi kurs yolunda olan mənim. Məhz mənim və mənimlə eyni siyasi dünyagörüşünü paylaşanların qalibiyyət günüdür bu gün! Bizi siyasi mövqeyimizə görə anlamayan, öz ağıllarınca bizə ağıl verən, tənqid edənlər indi qəşəng görür ki məhz biz haqlıydıq! Biz haqlıyıq!
Əziz gündə, bayram ovqatında kimisə danlamaq, kiminsə üzünə yanlış hesablarını vurmaq düzgün deyil bəlkə amma
-uzun illər türk dünyası sevdamız, türk dünyası çalışmalarımız,
-Azərbaycan gəncliyinə inamımız, gənclərlə işimiz, dövlət gənclər siyasətinin məziyyətlərini təbliğ etməyimiz,
-Qarabağ inancımız, Ermənistanın məğlub olacağına sarsılmaz inamımıza görə xəyalpərəst, gerçəkliyi düzgün qiymətləndirməyən və s. və i. yamanlamalar görmüşük və nəhayət
-siyasi mövqeyimizə, dövləti, dövlətçiliyi davamlı, birmənalı müdafiə etdiyimiz üçün tənqid, hətta təhqirlər görmüşük. İpləmələri, içi-dışı çirkinləri, yaramazları üstümüzə saldılar illərlə, gizli-açıq şəkildə əleyhimizə yazdılar, dedi-qodu yaydılar...
İndi çoxu türkçü olub,
Indi çoxu inanclı olub,
Indi çoxu siyasi konstruktivlik nümayiş etdirir...
Bəlkə sabah-birisigün "Qələbə Paradı"nda, "Qələbə Ziyafəti"ndə də "ağ köynək-qara bantik"lə yerlərini alacaqlar masa başında...
Nə gözəl! Nə gözəl! Hamısı qurban olsun Şuşa Gününə! Qurban olsunlar 8 noyabra! Şuşa zəfərimiz onların qəlbindəki xıltı silməmişsə bu mənim, mənim kimi düşünənlərin günahı deyil; artıq onları Şuşa da sağaltmayacaqsa, işləri qalıb Tanrıya!
Tanrıya şükür bugünü bizə yaşatdı!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!