GÖRÜŞ

Sizin şərəfinizə Azərbaycan əsgəri

Xeyli zamandır özümü yorğun, süst hiss edirəm. Ayılmamaq üçün əlimdən gələni edirdim. Ümidim heç nəyə qalmamışdı. Sanırdım ki, məni gözdən çıxarmısan, artıq sevmirsən. Qəflətən hiss elədim ki, canıma can gəldi, qan gəldi. Yaralarım sarınmağa başladı, Qulağıma doğma səslər gəldi. Elə bildim əvvəlki kimi hallüssinasiya görürəm. Ayıldım, gördüm sənin də gözlərində parıltı var, sevgi ilə baxırsan. Gözlərindən süzülən yaş sevinc yaşlarıdır. Anladım ki, məni atmamısan. Bir gün qovuşmaq ümidilə səbr etmisən. İtirdiyin oğullarının yerinə qəhrəman igidlər böyütmüsən, güclənmisən, başı dik dayanmısan. Övladların məni görmədiyi halda mənə can, qan olurlar. Haqqını halal et, onlara. Səninçün çox, çox, lap çox darıxmışdım. İllərdir yad kəsləri görməmək, yad səsləri eşitməmək üçün kar, kor olmuşdum. Burnumun ucu göynəyir doğma simalar, səslər, gülüşlər üçün. Lap, lap, lap ürəyim tökülür səninçün. Bilirəm artıq həsrət bitir. Məni yenidən qucaqla, sev, oxşa, "nazlı gözəlim" de. Mən də o gül qoxunu içimə cəkim.

Bilirsənmi, oğulların sən qoxuyur. Gözləri məni gördükcə, tanıdıqca daha da parıldayır, eynilə sənin mavi Xəzər gözlərin kimi. Necə mehribandırlar, səmimidilər, sevgi daşır içlərindən. Sənin üç rəngli örpəyini qürurla daşıyırlar. Deyirlər ki, bunun üçün öldürərik, ölərik. Ölməsinlər, ancaq o qaniçənləri öldürsünlər, köklərini kəssinlər. Amma tez olsunlar, səbrim qalmayıb. İyrənirəm, həm də çox iyrənirəm bu mənfurlardan. Oğulların sinəmdə hər alov dilimini göylərə qaldırdıqca, onları yandırıb külünü göyə sovurduqca içimdə məxməri, yumşaq bir rahatlıq yaranır. Mənə can, qan olur oğulların.

Görürəm, həmdə yaxşı görürəm, necə sənə oxşayırlar. Onlar səni sənin kimi sevir, qarşılıqsız. Məni də indiyə qədər görmədikləri halda sənin ciyərparan olduğum üçün sevirlər. Onları çox sev, lap çox sev, hətta məndən də çox sev. Bu sevgi imkan verməyəcək, bir də bizi kimsə ayırsın. Sevgi əkəndə sevgi, nifrət əkəndə bədbəxtlik cücərir. Sevgini o qədər böyüt ki, dünya var haa o, lal, kar, kor dünya, qoy həsəd aparsın. Səni sevən sevgində boğulsun, paxıllıq edən ayaqlar altında əzilsin. Yanında olsam belə illərdir imkan verməyiblər sarılaq, aç qollarını, sarılaq gəlirəm. Gəlirəm, Ana, ciyərparan gəlir, QARABAĞın gəlir.

VƏFA HÜSEYNZADƏ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31