İKİNCİ HÜCUM- Şahin Fazil
29 Oktyabr 2020 10:33 ƏdəbiyyatŞahin Fazil
Gəncə yenidən ballistik
raketlər hücumuna məruz qaldı
Bu gecə Gəncəyə raket atıldı -
İkinci hücum,
Ballistik raket.
Mülki əhaliyə
tülkü məkrli,
canavar xislətli,
əməli çirkli,
əzəldən qoyulan təməli çirkli
quzğun adamlardan raket atıldı -
İkinci hücum,
Ballistik raket
Döyüş meydanında uduzan quduz,
pozğun adamlardan raket atıldı -
İkinci hücum,
Ballistik raket
***
Bu gecə sükuta raket atıldı,
Bu gecə sükutun yuxusu qaçdı,
Neçə adamın,
neçə arzu-kamın,
neçə inamın,
neçə umudun
yuxusu qaçdı -
İkinci hücum,
Ballistik raket.
***
Bu gecə şəhərin yuxusu qaçdı,
Bu gecə evlərin yuxusu qaçdı,
Neçələr, neçələr qaldı yuxusuz,
Bu gecə küçələr qaldı yuxusuz,
Bu gecə səkilər qaldı yuxusuz,
kimlər, nələr, nələr qaldı yuxusuz,
evlər, evdəkilər qaldı yuxusuz,
İkinci hücum,
Ballistik raket
***
Bu gecə açılmaz çox kəsə səhər,
Öldü, yaralandı neçə kimsələr,
Ey Gəncə, işgəncə yarandı gecə,
körpəyə, ahıla, qoca kəslərə,
çox gəncə işgəncə yarandı gecə...
Hövsələ, səbir də
tərpəndi gecə
Nizami qəbirdə
tərpəndi gecə
Məhsəti xatunun
ruhu göynədi,
Lap fələk titrədi, yer nə, göy nədi...
İkinci hücum,
Ballistik raket
***
Döyüş meydanında məğlub olanlar
İndi daş-kəsəkdən alır intiqam,
çomaq-dəyənəkdən alır intiqam,
xəlbirdən-ələkdən alır intiqam,
taxtadan-dirəkdən alır intiqam
Hər kötük-kətəkdən alır intiqam
bağdan, biçənəkdən alır intiqam,
üzümdən, tənəkdən alır intiqam,
güldən və çiçəkdən alır intiqam,
qoşa kəpənəkdən alır intiqam,
biçarə köpəkdən alır intiqam,
buzovdan, inəkdən alır intiqam,
yorğandan-döşəkdən alır intiqam,
papaqdan, ləçəkdən alır intiqam,
mələk körpələrin uyuduqları
beşikdən, bələkdən alır intiqam...
İkinci hücum,
Ballistik raket.
***
Amma bilirik ki, bitəcək gecə,
Al günəş çıxacaq ötəcək gecə,
Tezliklə Qarabağ olacaq xilas,
Neçə dağ, neçə bağ olacaq xilas,
Şəhiddir neçə can, can yerdə qalmaz,
Qisas yerdə qalmaz, qan yerdə qalmaz,
İşğal məskənlərdə ucalar bayraq,
Qarabağ yenə də bizim olacaq!
Ey şanlı ordumuz zəfərlə gedək,
İkinci hücumu sonuncu edək!